Azərbaycanda Qurban bayramı qeyd olunur

Azərbaycanda Qurban bayramı qeyd olunur.

Nazirlər Kabinetinin “2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 9 dekabr 2023-cü il tarixli qərarına əsasən, bu il iyunun 16, 17-si Qurban bayramı günləri müəyyən edilib.

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün – 15, 16, 17, 18 və 19 iyun tarixlərində iş olmayacaq.

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının builki fətvasında deyilir ki, adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, hərçənd imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır, çünki belə davranmağı Əziz Peyğəmbərimiz (s) bizlərə tövsiyə edib. Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək кəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 32/105 saylı 27 may 2024-cü il tarixli məktubuna əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 16 iyun tarixinə təsadüf edəcək. Şəriətə uyğun olaraq Qurban kəsimi 16 iyun tarixindən başlayaraq 3 gün davam edə bilər.

İyun ayının 16-da məscidlərimizdə bayram namazları qılınacaq.

Əvvəlki məqalə

Elektrik lampasını dəyişən qadını cərəyan vuraraq öldürüb

Sonrakı məqalə

“Təzə Pir” məscidində bayram namazı qılınıb