Azərbaycanda tələbələrin köçürülməsi başa çatıb

24 Avqust 2020 - 10:19

Azərbaycanda tələbələrin köçürülməsi prosesi başa çatıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, elektron sənəd qəbulu avqustun 17-də başlayıb və avqustun 23-dək davam edib.

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkədə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilir.

Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Qeyd olunub ki, Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Portal fəaliyyətə başladığı gündən bu günədək 9 minə yaxın tələbənin köçürülməsi həyata keçirilib.