Son günlər beynəlxalq mediada Azərbaycan Qarabağdan erməniləri “etnik təmizləmə”də və Ermənistana qarşı növbəti hərbi hücumda ittiham olunur. Bəzi Qərb dairələrində sentyabrın 19-da keçirilən lokal antiterror tədbirlərindən sonra Qarabağdan öz xoşu ilə köç edən ermənilərlə bağlı məqalələr dərc edilir, onların Azərbaycanın zorla “etnik təmizləmə” siyasəti nəticəsində bölgəni tərk etdiyi iddiası irəli sürülür. Eyni zamanda, erməni lobbi qruplarına yaxın təşkilatların nümayəndələri tərəfindən Azərbaycanın guya Ermənistanın cənubunu “işğal etmək” planları haqqında fikirlər irəli sürülür, bunun üçün yeni müharibə gözləntiləri proqnozlaşdırılır.
Azərbaycanlı ekspertlər isə hesab edirlər ki, bütün bunlar beynəlxalq aləm tərəfindən Azərbaycana qarşı təzyiq siyasətinin nəticəsidir. Analitiklərin qənaətincə, bu diplomatik hücumları təşkil edənlərin məqsədləri var.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Azpost.İnfo-ya deyib ki, bu diplomatik təzyiq dalğası 19-20 sentyabrdan sonra başlayıb və davam etməkdədir: “Antiterror əməliyyatlarından sonra Qarabağdan erməni sakinlərinin könüllü şəkildə aktiv köçünü müşahidə etdik. Bundan sonra Qərb dairələrində “etnik təmizləmə” adlı kampaniya başladıldı. O dairələrin özləri də anlayırlar ki, burada etnik təmizləmə elementləri yoxdur. Ona görə də Qərb dövlətlərinin rəsmiləri bu barədə nəsə demirlər. Ən çox “etnik təmizləmə”dən dövlət nümayəndələri yox, hansısa amerikalı senatorlar, konqresmenlər danışırlar. Eyni zamanda, erməni lobbisinin maliyyəsi ilə fəaliyyət göstərən təşkilatların nümayəndələri “etnik təmizləmə” deyib yaxalarını cırırlar. Təbii ki, onların da umacaqları var. Bəziləri erməni seçicilərindən gələcək seçkilərdə səs almaq niyyətindədir, bəziləri erməni lobbisindən daha çox maliyyə almaq fikrindədir. Bu kampaniyaların səbəbi budur. Dövlətlər isə rəsmi şəkildə Qarabağdan etnik təmizləmə olmadığını bilirlər və bu məsələdə çox da dərinə getmirlər. Nəzərə almaq lazımdır ki, heç Ermənistanın özü rəsmi şəkildə Azərbaycanı etnik təmizləmədə ittiham etmir, edə bilmir. Çünki ermənilərin bölgəni könüllü tərk etməsinin faktları var”.
Ekspert bildirib ki, Ermənistana Azərbaycanın hücum edəcəyi iddiaları da təzyiq siyasətinin bir hissəsidir: “Burada iki məqsəd var: birincisi, Azərbaycanı etnik təmizləmədə ittiham etmək və ölkəmizə qarşı sanksiyaların tətbiqinə nail olmaqdır. İkincisi, Azərbaycanın guya Ermənistana hücum edəcəyini iddia etməklə Ermənistanı silahlandırmaq məqsədi var. Fransa, Hindistan kimi ölkələrin Ermənistana silah verməsinə də bununla don geyindirirlər. Azərbaycanı aqressiv, təcavüzkar kimi göstərmək, beynəlxalq ictimaiyyətin qınaq hədəfinə çevirmək istəyirlər. Amma hesab edirəm ki, bu siyasətin də nəticəsi olmayacaq. Çünki Azərbaycan Ermənistanın ərazisinə hücum etməyə hazırlaşmır, belə bir niyyəti də yoxdur”.
“Qarşı tərəfdən hərbi təxribat törədilərsə, təhlükə olarsa, əlbəttə, Azərbaycan Ordusu buna adekvat cavab verəcək. Bu, başqa məsələdir. Amma Azərbaycanın istəyi sülhdür və şərtləri daxilində sülh sazişinin imzalanmasını istəyir”, – deyə İ.İsmayıl fikrini tamamlayıb.
Anar ABDULLA
Azpost.info