Martın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündə iştirak məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə təkbətək görüş zamanı Azərbaycan ilə Türkiyə arasında mövcud müttəfiqlik münasibətlərinin inkişaf perspektivləri, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov qardaşlıq və dostluğa əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında müşahidə olunan dinamikanın, xüsusilə müttəfiqlik əlaqələrimizi təsbit edən Şuşa Bəyannaməsinin imzalanması ilə yeni müstəviyə qədəm qoyan əlaqələrimizin məmnunluq doğurduğunu qeyd edib. İkitərəfli müttəfiqlik münasibətlərinin regional, habelə beynəlxalq platformalar çərçivəsində özünü nümayiş etdirdiyi, qarşılıqlı dəstək və həmrəyliyimizi möhkəmləndirdiyi diqqətə çatdırılıb.
Qarşı tərəf cari regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi, qarşıda duran çağırışlar barədə ətraflı məlumatlandırılıb. Ölkəmizin mövcud çətinlik və çağırışlara baxmayaraq sülh prosesinin irəlilədilməsində qərarlı olduğu, münasibətlərin normallaşmasının öz növbəsində regional sülh və təhlükəsizliyə töhfə verəcəyinə dair inamlı olduğumuz diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov, həmçinin cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərindən irəli gələn məsələlərdən bəhs edərək, COP29-un əməkdaşlıq üçün yeni imkanlar yaratdığını bildirib.
Nazir Hakan Fidan yüksək qonaqpərvərliyə, habelə Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün uğurlu təşkilatçılığına görə həmkarına təşəkkür edib, görüş çərçivəsində qəbul olunmuş Bakı Bəyannaməsinin regional əməkdaşlığın inkişafına töhfə verəcəyinə dair inamını ifadə edib. Ölkəmizə COP29-a sədrliyi dövründə uğurlar arzu edən nazir Hakan Fidan Türkiyənin COP29 çərçivəsində də hər zaman olduğu kimi qardaş Azərbaycanla əməkdaşlıq etməkdən məmnunluq duyacağını vurğulayıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.