Azərbaycanda daha bir sığorta şirkəti – dövlətə məxsus “Azərsığorta” ASC yanvarın 31-də bazarı tərk etdi.
Dövlətin sığorta bazarında mövcudluğunu dayandırması mümkün maliyyə itkilərindən qaçmaq və özəl sektorun imkanlarını artırmaq baxımından müsbət hal olsa da, həm də narahatlıq doğurur.
Çünki “Azərsığorta” ölkənin bütün şəhər və rayonlarında təmsil olunan yeganə sığorta şirkəti idi. Özəl şirkətlərin xidmət şəbəkəsinin mövcud olmadığı bölgələrdə yaşayanlar bilirdilər ki, ən pis halda dövlət şirkətinin xidmətindən istifadə edəcəklər. Üstəlik, “Azərsığorta”da 300-350 nəfər çalışır ki, bu da sosial baxımdan az əhəmiyyət kəsb etmir.
Bəs “Azərsığorta”nın ləğv edilməsi bazara necə təsir edəcək? “Report” mövzunu bazar iştirakçıları ilə müzakirə edib.
“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyində hesab edirlər ki, dövlət şirkətinin bazardan çıxması sektora elə də mənfi təsir etməyəcək, çünki vətəndaşların özəl şirkətlərin xidmətindən istifadə etməsi kifayət qədər imkan var: “İlk növbədə Azərbaycanda sığorta xidmətlərinə çıxış elektronlaşdırılıb. Buna görə də istənilən bölgədə yaşayan insan elektron vasitələr hesabına sığortalana bilirlər. “Azərsığorta” ilə müqaviləsi olanlara gəlincə isə vətəndaşlar hadisə baş verəcəyi təqdirdə hər hansı məhrumiyyətlərlə və yaxud məhdudiyyətlərlə qarşılaşmayacaqlar. Çünki mövcud tələblər o yöndədir ki, şirkət ləğv olunarkən onun öhdəliklərini digər – portfelin ötürüldüyü şirkət icra edir. Yəni ləğv olunmuş şirkətdə sığortalanmış vətəndaşlarımızın müqaviləsi öz qüvvəsində qalır”.
Sığorta bazarı üzrə ekspert Kamran Babayev də hesab edir ki, bazar “Azərsığorta”nın ləğvindən elə də təsirlənməyəcək: “Ölkəmizdə ən çox tələbat avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasınadır. Bu məhsulun satışını da özəl sığorta şirkətləri demək olar ki, bütün ölkədə həyata keçirirlər, bunun üçün regional ofislər yaradıblar. Odur ki, “Azərsığorta”nın bağlanması bazara elə də təsir etməyəcək”