Azərbaycan işğal altında olmuş rayonları talan etmiş xarici şirkətləri araşdırır –Talançıları nə gözləyir?

Azərbaycanın işğal altındakı ərazilərində fəaliyyət göstərmiş şirkətlərlə bağlı beynəlxalq miqyasda hüquqi addımlar atılması planlaşdırılır.

Azpost.info bildirir ki, Azadlıq Radiosunun əldə etdiyi məlumata görə, bura qızıl və digər metal filiz yataqlarının istismarından tutmuş, nərə balığı və qara kürü, elektrik enerjisi istehsalı, bankçılıq fəaliyyətinə qədər müxtəlif istiqamətlərdə fəaliyyət göstərən şirkətlər daxildir: “Həm hüquqi, həm də fiziki şəxslərlə bağlı hüquqi addımlar atılması nəzərdə tutulub. İşğal altındakı Azərbaycan ərazilərində fəaliyyət göstərən hüquqi şəxslər arasında ermənilərin yaratdığı ofşor şirkətlərlə yanaşı, ABŞ, Rusiya, Britaniya, Kanada, İran və başqa ölkələrin şirkətləri, onların törəmə qurumları da var”.

Baş Prokurorluğun mətbuat xidməti də işğal altında fəaliyyət göstərmiş hüquqi və fiziki şəxslərlə bağlı araşdırma aparıldığını təsdiqləyib. Bu qurumdan bildirilib ki, həmin ərazilərdə fəaliyyətlə məşğul olanlara qarşı cinayət-hüquqi tədbirlərin tətbiqi ilə bağlı məsələ nəzarətdədir, bu istiqamətdə işlər davam etdirilir: “Azərbaycan işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslər haqqında beynəlxalq hüquq normaları çərçivəsində kəsərli tədbirlər görüləcək”.

Dağlıq Qarabağda fəaliyyət göstərən konkret şirkətlərin adları açıqlanmayıb. Amma qeyd olunub ki, xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisində hansı qaydada iqtisadi fəaliyyətlə məşğul ola biləcəyini çatdırmaq məqsədilə müxtəlif dillərdə maarifləndirici videoçarxlar hazırlanıb.

“Şirkətlər buna görə məsuliyyət daşıyır”

Azərbaycan ərazisində icazəsiz, qanunsuz fəaliyyət göstərən şirkətlə bağlı onun qeydiyyatda olduğu ölkədə kommersiya məhkəməsində iddia qaldırıla bilər.

Vəkil Aqil Layıc da deyib ki, Azərbaycan sözügedən xarici şirkətlərə qarşı iddia qaldırıb, təzminat tələb edə bilər. Onun sözlərinə görə, beynəlxalq hüquq buna imkan verir: “İnzibati-hüquqi cəhətdən idarəetmənin zəifliyindən, yaxud ümumiyyətlə, mövcud olmamasından sui-istifadə edən şirkətlər buna görə məsuliyyət daşıyır”.

A.Layıc yada salıb ki, BMT işğal altındakı sahələri Azərbaycan ərazisi kimi tanıyıb. Belə olan halda orada fəaliyyət göstərmək üçün mütləq Azərbaycan tərəfinin razılığı olmalıydı: “Beynəlxalq korporasiyaların fəaliyyəti ilə bağlı hüquq pozuntularının qarşısının alınması üçün BMT-nin müəyyənləşdirdiyi qaydalar, normativ-hüquqi aktlar var. Beynəlxalq korporasiyalar nəzarətsiz, konfliktli zonalarda istismar işləri, başqa fəaliyyətlə məşğul olmamalıdır. Azərbaycanın icazəsi olmadan orada qızıl yataqları istismar olunursa, deməli, bu ölkənin resursları özündən xəbərsiz talanır”.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti bir neçə dəfə Nazirlər Komitəsinə müraciət edərək işğal altındakı ərazilərdə sərvətlərin talanması məsələsinə diqqət yetirilməsini istəyib. Müraciətdə vurğulanıb ki, hələ 1990-1991-ci illərdə dövlət komissiyasının araşdırmaları nəticəsində Kəlbəcərdə üç yataqda təxminən 140 ton qızıl ehtiyatı olduğu üzə çıxıb. Ermənistan 1998-ci ildə Kanadanın “First Dynasty Mines Ltd” şirkəti ilə müqavilə imzalayıb və təkcə Zod yatağından 5 ton qızıl çıxarılıb. Daha sonra həmin yataqların işlənməsi üçün Hindistanın “Sterlite Gold Ltd” şirkəti ilə birgə müəssisə yaradıb.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Azərbaycan son bir ayda 150 civarında kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad etdiyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan Tərtəri “Smerç” ilə atəşə tutub –

Sonrakı məqalə

Azərbaycan-Monteneqro oyunu Xorvatiyada keçiriləcək