“Azərbaycan islam həmrəyliyini dünya miqyasında təşviq edir”-ŞEYXÜLİSLAM

“Azərbaycan xalqı və dövləti dünyaya bəşərin xilas modeli olaraq  multikulturalizm, etnik, dini tolerantlıq modelini təqdim edir, İslam həmrəyliyi ideyalarını  dünya miqyasında təşviq edir”.
Azpost.info bildirir ki, bu sözləri QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirlən “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda Beynəlxalq Konfransında çıxışı zamanı bildirib. 
QMİ sədri deyib ki, İslamofobiya ilə Beynəlxalq Mübarizə gününə həsr olunmuş Bakı Konfransı ölkəmizin evsahibliyi etdiyi çoxsaylı qlobal əhəmiyyətli tədbirlər sırasında özəl yer tutur:  “Dünyanın bu gün üzləşdiyi problem və böhranlardan bəşər ailəsinin çıxış yollarını müzakirə edib müdrik təşəbbüslərlə çıxış etmək, müasir dövrdə təhlükəsizlik və sabitliyə təhdidlərdən biri olan islamofobiyanın qarşısının alınması işinə öz töhfəmizi vermək olduqca vacib, Uca Yaradanımıza xoş gedən əməldir. Azərbaycanın belə nüfuzlu tədbirlərə ev sahibliyi etməsi dünyadakı problemlərin mənəvi cəhətdən dəyərləndirilməsi, onların həllinə yardımçı olmaq ənənəsinə sadiqliyimizin  təzahürüdür”.
 A.Paşazadə deyib ki, Uca Yaradanımızın Lütfü olan müxtəlifliyimiz bizim daha yaxın olmağımıza, bir-birimizi daha yaxşı tanımağımıza xidmət edir: “Azərbaycan xalqı və dövləti dünyaya bəşərin xilas modeli olaraq  multikulturalizm, etnik, dini tolerantlıq modelini təqdim edir, İslam həmrəyliyi ideyalarını  dünya miqyasında təşviq edir. Ölkəmizdə Uca Allahın buyurduqlarına uyğun yaşam tərzinin bu modelinin təməli ümummilli liderimiz Heydər Əliyevin müdrik zəkasının məhsulu olan Azərbaycançılıq məfkurəsi ilə qoyulmuşdur və bu gün Prezident İlham Əliyevin qlobal səyləri sayəsində inkişaf edir, dünyaya təqdim olunur”.
 “Məhz dövlət rəhbərimizin ardıcıl siyasi iradəsi və təşəbbüskarlığı sayəsində Bakı istər mədəniyyətlərarası, istərsə də dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin, Qlobal və Humanitar Forumların ardıcıl keçirildiyi ənənəvi məkana çevrilmişdir. Azərbaycan dövləti ölkələri, qitələri birləşdirən enerji layihələri ilə yanaşı, mənəvi layihələrini də dünyaya bəxş edir”-deyə Şeyxülislam vurğulayıb.
Əvvəlki məqalə

TDT ölkələri arasında Mülki Müdafiə Mexanizmi yaradılacaq

Sonrakı məqalə

Rişi Sunak və Zelenski Ukraynada son vəziyyəti müzakirə edib