“Azərbaycan suveren ərazisində boz zonanın olmasına imkan verə bilməz”- Hikmət Hacıyev

“Təəssüflər olsun ki, Azərbaycanın Qarabağdakı ərazilərində mövcud olan erməni marionet rejiminin başında dayanan rəhbərlər humanitar vəziyyətdən mənafeləri üçün istifadə edərək regiondakı varlıqlarını ölkəmizin suverenliyini qəbul etməyən separatçı qurum şəklində uzatmağa və beynəlxalq ictimaiyyətin səhv məlumatlandırılmasına, dezinformasiya təbliğatına çalışırlar. Bu, həmişə onların xisləti olub”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Arab News” nəşrinə müsahibəsində bildirib.

“Biz onları dialoqa dəvət etdik, lakin dialoqa “yox” deyirlər. Bu destruktiv addımdır. Onlar həmçinin Azərbaycandan göndərilən ərzaq məhsullarına etiraz ediblər. Qida məhsulunun mənşəyinə görə qəbul etməyəcəklərini bildirdilər. Bu, ayrı-seçkilikdir”, – Prezidentin köməkçisi deyib.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan dövlətinin BQXK ilə çox sıx əməkdaşlığı və əlaqəsi var: “Onlar Azərbaycanda fəaliyyət göstərirlər. Biz müntəzəm olaraq əlaqə saxlayırıq və BQXK də bunu çox yaxşı bilir ki, avqustun 5-də Komitənin humanitar konvoyları üçün Ağdam-Xankəndi yolundan istifadə edilməsi barədə razılaşma əldə olunub. Biz yaxın 24 saat ərzində (müsahibə günü, avqustun 31-dən hesablanaraq) Laçın-Xankəndi yolunun tam açılmasını təmin edəcəyik, lakin Azərbaycanın gömrük və sərhəd təhlükəsizliyinə, həmçinin sərhəd nəzarəti rejiminə riayət edilməlidir”.

Onun sözlərinə görə, 2021-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə üçtərəfli Bəyanat imzalanandan indiyə qədər, Ermənistan tərəfi Azərbaycanın Qarabağ bölgəsinə hərbi sursat, canlı qüvvə və minaların daşınması üçün Laçın yolundan sui-istifadə edib: “Bu səbəbdən Azərbaycan Ermənistanla sərhəddə Laçın keçid məntəqəsini yaratmağa məcbur oldu. Azərbaycan öz suveren ərazisində hər hansı bir boz zonanın olmasına imkan verə bilməz. Mənim sualım isə bundan ibarətdir: Qanunsuz Ermənistan rejimi niyə ikinci yolun açılmasına qarşı çıxır? Bu o deməkdir ki, onlar hələ də beynəlxalq ictimaiyyətin məsələyə baxışını manipulyasiya edirlər. Yol sivilizasiyadır, mədəniyyətdir. Yolun açılmasına “yox” demək ayrı-seçkiliyin əlamətidir. Bu, dağıdıcı siyasətdir, lakin işğal zamanı artıq keçmişdə qalıb”.

Əvvəlki məqalə

Blinken Prezident İlham Əliyevə zəng edib

Sonrakı məqalə

Prezident Blinkenə Ermənistanın sülh müqaviləsi üzrə danışıqlara ciddi zərər vurduğunu bildirib