Azərbaycanda hər 100 qıza 116 oğlan doğulur

Hamiləlikdə optimal interval vaxtın müəyyənləşdirilməsi, ailədə uşaq sayının planlaşdırılması, erkən və gec doğuşların qarşısının alınması yolları ilə ailə planlanmasını düzgün formalaşdırmaq mümkündür.

Bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Qadın Məsləhətxanasının şöbə müdiri Bilqeyis Qaragöz deyib.

 

Həkimin sözlərinə görə, bu gün ölkəmizdə buna əməl etməyən insanların sayı az deyil: “Bütün hallarda qadınlar qadın məsləhətxanalarına tez-tez müraciət etməlidir, abort, ailə, hamiləlik planlaması kimi mövzularda sahə ginekoloqları ilə müntəzəm işləməli, tövsiyələr almalıdırlar. Bu çox önəmli məqamdır. Bunu nəzərə almayan ailələrdə xoşagəlməz hadisələrin olması sözsüz ki, qaçılmazdır. Bu prosesi müasir kontrasepsiya üsulları ilə həyata keçirmək olar. Düzgün seçilmiş kontrasepsiya üsulları nəinki arzuolunmaz abortlardan, hətta qadınlarda olan digər xəstəliklərin də vaxtında aşkarlanmasına səbəb ola bilər”.

Hamiləliyin mütləq planlı olduğu halda doğulan uşaqların da arzuolunan olduğunu bildirən Bilqeyis Qaragöz “ən uğurlu” abortların da ciddi fəsadları olduğunu bildirib:

“Ümumiyyətlə, abortlar 2 qrupa ayrılır: Erkən və gec abortlar. Hər bir halda qadın sağlamlığı üçün təhlükəli bir prosesdir. Lakin gec həyata keçirilmiş abortlar daha ağır fəsadlar verə bilir. Uşaqlıq, uşaqlıq boynu abort zamanı ciddi zədələnir, uşaqlıq qanaxmaları, xroniki, kəskin iltihabi xəstəliklər, aybaşı tsiklinin pozulması, sonrakı hamiləliklərin sona çatdırılmaması, hətta sonrakı hamiləliklərin baş tutmaması, sonsuzluğa qədər gətirib çıxarda bilər”.

Həkim selektiv abort üzrə də ölkəmizdəki vəziyyətin ürəkaçan olmadığını, abortun bu növü üzrə göstəricilərin artdığını diqqətə çatdıran şöbə müdiri bunun təbii cinsi tarazlığın pozulmasına səbəb olacağını, nəticədə isə cəmiyyət üçün təsirsiz ötüşməyəcəyini deyib:

“Son illər ölkəmizdə hər 100 qız üçün 116 oğlan doğulur. Bu isə təbii cinsi tarazlığın pozulması deməkdir. Əlbəttə ki, abortun hər növü qadınlar üçün təhlükəli və çox ziyanlıdır, lakin selektiv abort qadınların həyat və sağlamlığı üçün xüsusilə ağır prosesdir, onlar üçün, həm psixoloji stress, həm də fiziki zorakılıq deməkdir. Bu isə qadınlarda abortdan sonrakı sindrom adlanan vəziyyətin yaranmasına səbəb ola bilər. Bir daha qeyd etmək istəyirik ki, abortu, o cümlədən selektiv abortu ancaq müəyyən istisna hallarda etmək olar”.

Əvvəlki məqalə

Azərbaycanda hər 100 qıza 116 oğlan doğulur

Sonrakı məqalə

Neft Fondunun aktivləri 54 milyard dolları ötüb