Azərbaycanın təbliği üçün prestijli platforma –Şeyxülislamın Nobelə namizədliyinə kimlər dəstək verir?

Bu il Nobel Sülh Mükafatının nominantları arasında Azərbaycanın adı da var. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə bu nufuzlu mükafatın namizəd siyahısında yer alıb.

Bu mötəbər mükafatla dünyadakı mürəkkəb və ağır böhranları həll etmiş,  sülhə və barışa töhfə vermiş şəxsiyyətlər təltif olunur. Bu günə qədər mükafatçılar sırasında siyasi və ictimai, mədəniyyət xadimləri yer alıb. İndiyə qədər bu mükafatı almış 97 laureat arasında din xadimlərinin sayı məhdud olub.

Bu sırada protestantlığın görkəmli nümayəndəsi sayılan Con Reley Mott (1946-cı ildə),  alman və fransız protestant teoloqu Albert Şveytser (1952-ci ildə), Katolik rahibə Tereza Ana (1979-cu ildə), buddizimin dini lideri Dalay Lama (1989-cu ildə) yer alır. Tanınmış şəxslər dünyada sülhün möhkəmlənməsinə, insanlar arasında, cəmiyyətdə barış və xeyirxahlığın təbliği ilə tanınıblar.

QMİ sədrinin belə mötəbər mükafata iddiaçılar arasında olması regionda və cəmiyyətimizdə maraqla qarşılanıb və böyük rezonans verib.

QMİ sədrinin namizədliyini dəstəkləyən beynəlxalq qurumlar bununla bağlı öz mövqelərini də açıqlayırlar. Bu günlərdə Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin –KAICIID-in Direktorlar Şurasının üzvləri həmkarları olan Şeyxülislam A. Paşazadənin Nobel Sülh mükafatı kimi nüfuzlu bir təltifata namizədliyinin təsdiqini bəyəndiklərini, beynəlxalq qurum olaraq, bu mötəbər təqdimata dair müsbət rəylərini müvafiq ünvana yönəltmək iradələrini ifadə ediblər.

Qeyd edək ki, 2011-ci ildə Avstriya, Səudiyyə Ərəbistanı və İspaniyanın birgə təşəbbüsü əsasında təsis olunmuş KAICIID Vatikan dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi beynəlxalq hökumətlərarası təşkilatdır. Direktorlar Şurasında dünyanın əsas dinlərinin təmsilçilərinin yer aldığı təşkilatın məqsədi qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq etmək, dinlər və mədəniyyətlər arasında dialoqu gücləndirmək, eləcə də dialoq vasitəsilə münaqişələrin həllinə nail olmaqdır.

QMİ sədri bundan başqa daha bir sıra beynəlxalq təşkilatların rəhbərliyində təmsil olunur. Şeyxülislam MDB Dinlərarası Şurasının həmsədri, UNESCO yanında Din Xadimlərinin Yüksək Səviyyəli Məşvərət qrupunun, BMT Dinlərarası Məşvərət Şurasının, İordaniya İslam Mədəniyyəti Kral Akademiyasının, “Katolik-Pravoslav məzhəblərarası əlaqələr komissiyası”nın üzvü, 2009-cu ildən MDB müsəlmanları Məşvərət Şurasının sədridir. Bu sırada İslam Əməkdaşlıq Təşkilatında fəaliyyəti də əlamətdardır.

Belə geniş və rəngarəng tərkibə malik qurumların QMİ sədrinə dəstək verəcəkləri də şəksizdir.

Mükafatın nəticəsindən asılı olmayaraq Azərbaycanın təqdim etdiyi namizəd ətrafında aparılan müzakirələri özlüyündə faydalı hesab etmək olar.

İlk növbədə vurğulamaq lazımdır ki, A.Paşazadənin namizədliyi müsəlman dünyası üçün nufuzlu din xadiminin təqdimatı baxımından cəlbedicidir. QMİ sədrinin son 40 ildə islam dünyası ilə sıx əlaqələri, beynəlxalq platformada səsi eşidilən din xadimi kimi yetişməsi təkzibedilməz faktdır. Müsəlman birliyinin tərəfdarı olan, məzhəb və təriqət mübahisələrinin kəskin əleyhdarı olan A.Paşazadə bir sıra hallarda tam əks mövqe tutuan müsəlman ölkələri arasında uğurlu vasitəçilik missiyası ilə yadda qalıb. İslam ölkələrinin çağdaş dünya trendlərinə sahib çıxmağa, müqəddəs kəlamın fitnədən uzaq olmaq, dostluq, qardaşlıq bağlarını uca tutmaq çağırışlarını rəhbər tutan Şeyxülislam fəaliyyəti ilə islam təşkilatlarının sayılan hörmətli liderləri sırasında yer alıb.

Şeyxülislam humanist dəyərlərin yorulmaz təbliğatçısı kimi dinindən, millətindən, rəngindən asılı olmayaraq bütün insanlar arasında Uca Yaradanın bəşəri və ülvi mesajlarının təbliğ edir. Bunun unikal nümunəsi olaraq çoxkonfessiyalı ölkəmizdə səmavi dinlərin barış və əməkdaşlıq platformasını ortaya qoyan QMİ sədri mədəniyyətlərarası əməkdaşlığın nadir nümunəsini dünyaya təqdim edib.

İnancı mürəkkəb teoloji izahatlarla deyil, Allahın buyurduğu və hər bir insan üçün anlaşılan fikirlə təbliğinin tərəfdarı olan A.Paşazadənin səmavi dinlərə etiqad edənlərin birgəyaşayışı üçün apardığı fəalyyət bu beynəlxalq qurumların diqqətindən qaçmayıb.

QMİ sədri tolerant dini rəhbər kimi etnik və dini mübahisələrə qarşı sərt mövqeyi ilə seçilir. Cəmiyyətin harmonik inkişafı orada yaşayan müxtəlif əqidəli insanların dinc və mehriban yaşamından mühüm dərəcədə asılıdır. Dövlət idarəçiliyi bu yaşamın inzibati rıçaqlarını təmin edirsə, mənəvi bağlarının qurulması din xadimindən birbaşa asılıdır. Bu gün dünyanın müxtəlif yerlərində ksenofobiya, dini -irqi ayrı-seçkilik siyasəti yürüdənlərin bir hədəfi insanların qulaq asdığı, eşitdiyi hörmətli şəxslərin nufuzunu sarsıtmaq, gözdən salmaq və “həqiqət axtaran” yalançı, şübhəli şəxslərin nifrət püskürən ritorikası ilə cəmiyyəti parçalamaq cəhdləridir. Şeyxülislam buna qarşı barışmaz mövqeyi ilə zaman-zaman belə iftiraların hədəfinə çevrilir.

Nobel Mükafatına namizədlik Azərbaycan hakimiyyətinin yürütdüyü tolerantlıq siyasətinin dünya çapında bir daha gündəmə gəlməsi üçün bir vəsilə saymaq olar. Bu birgəyaşayış modeli doğurdanda dünya üçün unikal bir müstəvidir. Nifrətdən uzaq, kinli çağırışlardan kənar, mehriban bir cəmiyyətin hər gün müxtəlif dillərdə Allaha duaları və yaşadıqları ölkə, dünya üçün dinclik və xoşbəxtlik arzulamaları Yaradanın da istədiyi və müstəcəb bildiyi duadır. Azərbaycan dövləti bu missiyasını daşıyaraq dünya üçün sülh mesajlarını təqdim edib.

Şeyxülislamın Nobel mükafatını alacağı halda bu təkcə bir ölkənin deyil, bütövlükdə müsəlman dünyası üçün böyük bir qazanc sayılacaq. İlk növbədə bu mükafatın sahibi regionda və müsəlman ölkələri arasında sülhə, barışa çağıran bir ölkənin səsinə çevriləcək. Məlum olduğu kimi Nobel mükafatının almış ictimai, siyasi, mədəniyyət xadimlərinin bəyanatları dünyada diqqətdən kənarda qalmır. Hər hansı böhranlı situasiyada onun verdiyi bəyanat ictimai –siyasi proseslərə çəki verən bir çağırış sayılır, əsas trendə çevrilir. QMİ sədrinin bu mükafatı alarsa bu həm də Azərbaycanın haqq səsinin dünyaya çatdırılması üçün çox mühüm bir rıçaq olacaq. Eyni zamanda ölkəmizin müsəlman ölkələri arasında yerini və nufuzunu möhkəmləndirəcək. Dünyada sülhə çağırış mesajları arasında səsimiz daha gur eşidiləcək. Bütövlükdə isə bu mükafat islam aləminin dünyada sülhə və mədəniyətlərarası əlaqələrə bir töhfəsi kimi unudulmaz olacaq.

2020-ci ilin Nobel Sülh Mükafatının namizədləri arasında tanınmış şəxslər çoxdur. Siyahıda 17 yaşlı ekoloq-aktivisit Qreta Tuberqdən tutmuş 72 yaşlı ABŞ prezidenti Trampa qədər xeyli sayda şəxslərin adı var. Mükafat Komissiyasının siyahısında azərbaycanlı namizədin də olması ölkəmizin təbliğ etdiyi humanizm dəyərlərinin təbliği üçün daha bir prestijli platforma sayıla bilər.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“1920-ci ildə müstəqillik əldən getdi və Azərbaycan nefti yenə də Azərbaycan xalqına kömək etmirdi” –

Sonrakı məqalə

Putin “Avanqard” raket kompleksinin müəllifinin adını açıqlayıb