“Az sayda şikayətlərə baxılması vətəndaşların narazılığına səbəb olur” –Konstitusiya Məhkəməsinin Sədri

“2004-cü ildən bu günə kimi Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən konstitusiya şikayətləri əsasında cəmi 202 qərar qəbul edilib”.

Azpost.info bildirir ki, bu sözləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərtac-a müsahibəsində deyib.

F.Abdullayevin sözlərinə görə,  Konstitusiya Məhkəməsinə hər il orta hesabla 2000-dən çox şikayət daxil olur. Lakin onların əksəriyyəti müvafiq orqanlara aidiyyəti üzrə baxılması üçün göndərilir. Konstitusiya Məhkəməsinin Palatalarına öyrənilməsi üçün isə 500-ə yaxın şikayət göndərilir. Yoxlanılma nəticəsində şikayətlərin az bir hissəsi Plenumun müzakirəsinə çıxarılır: “Xüsusilə qeyd etməliyəm ki, konstitusiya şikayəti əsasında hər hansı bir işin Plenumun icraatına qəbul edilməsi üçün şəxsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının pozulması əsas meyar kimi çıxış edir. Məhz bu səbəbdən digər ölkələrlə müqayisədə Plenum tərəfindən az sayda şikayətlərə baxılması bir çox hallarda vətəndaşların narazılığına səbəb olur. Lakin Konstitusiya Məhkəməsi olaraq biz şikayətləri Plenumun icraatına qəbul edilməyən hər bir şəxsə izah edirik ki, konstitusiya nəzarəti orqanı məhkəmə instansiyası deyil və artıq qeyd etdiyim kimi, onun faktiki halları araşdırmaq səlahiyyəti qanunvericiliklə nəzərdə tutulmayıb”.

Sədr bildirib ki, şikayətlərdə əsasən sosial təminat hüququ, məhkəmə müdafiəsi hüququ, mülkiyyət hüququ ilə bağlı məsələlər üstünlük təşkil edir.

Əvvəlki məqalə

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Sonrakı məqalə

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib