Azərbaycanın daxili borcu niyə artıb?
01 yanvar 2025-ci il tarixinə daxili dövlət borcu 18.659,7 milyon manat olub.
AzPost bildirir ki, bu barədə Maliyyə Nazirliyinin Dövlət Borcu üzrə illik Statistik Bülletenində deyilir.
Hesabatda vurğulanır ki, daxili dövlət borcu 2024-cü ilin əvvəli ilə müqayisədə 2.793,3 milyon manat artıb.
Daxili dövlət borcunun artmasının əsas səbəbi Strategiyaya uyğun olaraq ölkədəki qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, habelə xarici dövlət borcunun ümumi dövlət borcundakı xüsusi çəkisinin mərhələli şəkildə azaldılması və daxili borcla əvəzləşdirilməsidir. Əsas səbəblər habelə daxili maliyyə bazarında dövlət istiqrazlarının yerləşdirilməsi hesabına dövlət büdcəsi kəsirinin bağlanmasına vəsaitin yönəldilməsi olub.
01 yanvar 2025-ci il tarixinə daxili dövlət borcunun 9.506,0 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9.153,7 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür.
2025-ci il 01 yanvar tarixinə dövlət zəmanətli borcun məbləği (daxili və xarici borc) 10.957,4 milyon manat təşkil edib. Dövlət zəmanətinin 9.196,8 milyon manatı (5.409.9 milyon ABŞ dolları) və ya 83,9 faizi xarici kreditlərin, 1.760,6 milyon manatı və ya 16,1 faizi isə daxili kreditlərin payına düşür.
1 yanvar 2025-ci il tarixinə dövlət zəmanətli borc portfelinin valyuta tərkibi aşağıdakı kimi olub:
ABŞ dolları – 63,6 faiz,
avro – 18,3 faiz,
manat – 12,5 faiz,
yapon yeni – 3,7 faiz,
digər valyutalar – 1,9 faiz
Dövlət zəmanətli borcun 72,2 faizi 5 ilə qədər olan müddətdə, 16,4 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 11,4 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.