“Bəyin oğurlanması” filmindəki ev bu qiymətə kirayə verilib –

FOTO VİDEO
02 Oktyabr 2019 - 12:15
Azərbaycanın kino mədəniyyətinin nadir incilərindən biri də “Bəyin oğurlanması” filmidir. 1985-ci ildə “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılan bu tammetrajlı bədii filmin rejissorları Ceyhun Mirzəyev və Vaqif Mustafayev, əsas rolların ifaçıları isə Həsənağa Turabov, Səyavuş Aslan, Hacı İsmayılov, Nəsibə Zeynalova, Yaşar Nuri, Natəvan Məmmədova, Tamara Şakirova və Şamil Süleymanov olub.
Filmin əsas səhnələri Azərbaycanın əsrarəngiz təbiətə və qədim tarixə malik bölgələrindən biri olan Şamaxı rayonunun Məlhəm kəndində çəkilib.
“Report” filmdə əsas hadisələrin cərəyan etdiyi “Həsən”in, “Əsli xalanın”, “İsrafil”in evinin hazırkı vəziyyətini, “İsrafil”in məşhur “VAZ-21011” avtomobilinin sonrakı taleyini, Məlhəm kəndlilərinin həmin çəkiliş anları ilə bağlı hansı xatirələrinin olduğunu araşdırıb.
Filmdə “oğlan evi” hesab olunan “Həsən”in evinin hazırkı sahibi əslən Şamaxının Məlhəm kəndindən olan İlqar Novruzovdur. İ.Novruzovun bildirdiyinə görə bu ev onların ata-baba evləridir. Hazırda Bakıda yaşasa da, aradabir doğma kəndləri Məlhəmə gedir. Dediyinə görə hər dəfə kəndə gedəndə gün ərzində 2-3 turist onların evini görməyə gəlir.
Filmin çəkildiyi ərəfədə bu ev onun babasına məxsus olub. Elə İ.Novruzov da çəkilişlə bağlı babasının danışdığı xatirələri “Report”la bölüşüb:
“Filmi çəkmək üçün kəndə 1984-cü ilin iyul-avqust aylarında gəliblər. Təqribən, 3 ay çəkilişlər davam edib. Bizim məhəllə Məlhəm kəndinin giriş hissəsində yerləşir. Çəkiliş briqadası gələrkən rastlarına çıxan ilk evlər bizim evlər olub. Həm də məhəlləmiz o vaxt yeni salınmış olduğuna görə, qərara alıblar ki, əsas səhnələri bizim məhəllədə çəksinlər. Babamın dediyinə görə, çox adam evlərini çəkməyə razılıq vermirmiş. Nəhayət, “oğlan evi” evi olaraq bizim evi, “qız evi” olaraq üzbəüz qonşumuz Nazimgilin evini çəkiblər. Bir də Nəsibə Zeynalovanın canlandırdığı “Əsli xala”nın evi var ki, o da bizim kənddə yerləşir. O evdə hazırda yaşayış yoxdur. Evin sahibi Bakıda yaşayır.
Orda mənim nənəm də çəkilib…
O vaxt bu üç evin hər birinə kirayə haqqı olaraq 300 rubl pul veriblər. Bir də kənd sakinlərindən kim çəkilişdə iştirak etmək istəsə gəlib adını siyahıya yazdırırmış. Onların da hərəsinə gündəlik, təqribən, 10 rubla qədər pul verirmişlər. Filmdə köməkçi rolların, demək olar ki, hamısında kənd sakinləri çəkilib. Məsələn, toy səhnəsində ön cərgədə yuxa yayan qadın mənim nənəmdir.
Bizim ev 1966-cı ildə tikilib. Elə tikildiyi gündən də bizim nəsilə məxsus olub. Hazırda evdə müəyyən dəyişikliklər edilib. Məsələn, evin fasadı dəyişilib. Amma elə hissələr var ki, oralara toxunulmayıb və görənlər dərhal bilirlər ki, bu, filmdəki evdir. Həyətdə yardımçı tikililər var ki, onlar hələ də olduğu kimi qalır. Azacıq təmir etməklə evi əvvəlki vəziyyətinə gətirmək, köhnə auranı yenidən bərpa etmək mümkündür. Darvazamız həminki darvazadır, sadəcə, rəngi dəyişib. Onu da yenidən sarı rənglə rəngləmək olar ki, kinodakı kimi olsun. Həyətdəki ağaclar da hamısı öz yerindədir. Demək istəyirəm ki, əgər dövlət tərəfindən evi muzey etmək istəsələr heç bir təmənna güdmədən razı olaram. Çünki görürəm ki, illər keçməsinə baxmayaraq, hələ də insanlar bizim evi görməyə maraq göstərirlər. Belə ki, ailəmiz Bakıda yaşasa da, arabir kəndə, Məlhəmdəki evimizə gedirik. Bu zaman hər gün 2-3 nəfər turist evimizi görməyə gəlir. Şənbə-bazar günləri gələnlər daha çox olur.
Evin içinə aid olan səhnələr başqa yerdə çəkilib…
Onsuzda gələn turistlərə əsas maraqlı olan evin həyətidir. Çünki çəkilişlərin hamısı həyətdə aparılıb. Evin içində heç bir çəkiliş olmayıb. Elə üzbəüz qonşumuz Nazimgilin evində də içəridə heç bir çəkiliş aparılmayıb. Evin içinə aid olan səhnələri başqa yerdə çəkiblər. Ümumiyyətlə, filmdəki evlərin içinə aid səhnələrin heç biri Şamaxıda çəkilməyib. Çəkilişlər ancaq həyətlərdə aparılıb. Evlərin ancaq həyəti və çöl hissələri çəkilib. Hətta məşhur elçilik səhnəsini də Nazimgilin evində deyil, başqa bir evdə çəkiblər. Babam deyirdi ki, evlərin içinə aid olan səhnələri Bakıda çəkdilər”.
Mövzunun gedişatından aydın oldu ki, həmsöhbətimizin babası çox tündxasiyyət adam olub. Belə ki, İ.Novruzovun danışdıqlarına görə babası “Bəyin oğurlanması” filminin çəkiliş briqadasındakı bəzi aktyorların Məlhəm camaatı arasındakı davranış qaydalarından narazı imiş:
“Adlarını çəkmək istəmədiyim bəzi aktyorlardan babam narazı idi. Deyirdi ki, onlar acgözlük edirdilər. Həm də davranışları çox bayağı idi. Amma babamın təriflədiyi aktyorlar da az deyildi. Xüsusən Həsən Turabovdan və Şamil Süleymanovdan çox razılıq edirdi.
Həmin il kəndimizdə meyvə bol olub. Bizim həyət də kəndin ən böyük həyət olduğundan aktyorlar hər şənbə və bazar günləri bizim həyətdən meyvə yığıb apararmışlar. Çəkiliş heyətinin qaldığı yer isə o vaxtkı “Şamaxı” mehmanxanası olub. Ora indi “Şirvan” oteli adlanır”.
İ.Novruzovun danışdıqlarının içində diqqətimizi çəkən xüsusi məqam isə evlərin içinə aid olan səhnələrin Şamaxıda deyil, başqa bir yerdə çəkilməsi məsələsi oldu. Hadisələri daha da dəqiqləşdirmək üçün İ.Novruzovun “üzbəüz qonşumuz Nazimgilin evi” dediyi, filmdə “qız evi”, yəni “İsrafilin evi” olan evin sahibi Nazim Əmirovla da əlaqə saxladıq.
Filmdəki “VAZ-21011” atamın idi…
Məlum oldu ki, həqiqətən də, “oğlan evi”ndə çəkilişlər yalnız həyətdə və eyvanın bir hissəsində aparılıb. Evin daxilinə aid olan səhnələr bu evdə deyil, Bakıda başqa bir evdə çəkilib. Fürsət düşmüşkən N.Əmirovdan evin hazırkı vəziyyətini də maraqlandıq. O bildirdi ki, evdə heç bir dəyişiklik edilməyib:
“Bu ev 1960-cı ildə tikilib. Film çəkilərkən mənim atama məxsus olub. İndi isə mənim mülkiyyətimdədir. Ailəmlə burada yaşayıram. Filmdə gördüyünüz “VAZ-21011” avtomobili də mənim atamın idi. Onu kinonun çəkildiyi müddətdən çox keçməmiş, 1985-ci ildə satdıq. Kimin aldığı yadımda deyil, amma onu bilirəm ki, alan adam Şamaxılı deyildi. Rəhmətlik kişi kimə satdı Allah bilir.
Hazırda evdə Bakıdan gələn turistlər var. Ümumiyyətlə, tez-tez xarici və yerli turistlər evi görməyə gəlirlər. Əvvəllər düşündüm ki, evə turistlərin gəlməsinə icazə verməyim. Amma sonra fikrimdən daşındım.
Evdə heç bir dəyişiklik edilməyib, kinoda çəkilərkən hansı vəziyyətdə idisə elə də qalır. Sadəcə, bir az rənglənmə və bərpa işlərinə ehtiyac var. Bu barədə müxtəlif kanal və saytlara verdiyim müsahibələrimdə də bildirmişəm. Ümid edirdim ki, kütləvi informasiya vasitələrində işıqlandırdıqca evə qayğı göstərilməsi ilə bağlı məsələ aktuallaşar. Amma gördüm ki, yox, bunun heç bir faydası yoxdur. Heç kəs bu evə qayğı göstərmir. Elə hər dəfə bir kanal və ya sayt gəlir müsahibə alır, amma ortada bir nəticə olmur. Mən də axırda bezdim, hətta bir dəfə ATV-nin işçilərini də qapıdan qovdum”.
“Bu evi heç vaxt satmaram”
Nazim Əmirovdan film çəkiləndən sonrakı illər ərzində evi almaq istəyənlərin olub-olmadığını soruşduq. N.Əmirov bildirdi ki, belə bir təklif olmayıb:
“Bu vaxtacan belə bir təklif edən olmayıb. Olsa da, mən buna razı olmaram. Çünki bura mənim ata yurdumdur. Mən burda anadan olub, burda böyümüşəm. Lap belə 5 milyon manat versələr də, bu evi satmaram.
Amma evi muzey etmək istəsələr, mənim özümün də burada yaşamağım şərtilə icazə verərəm. Sadəcə, dediyim kimi, bir az restavrasiya işlərinə ehtiyac var. Düşünürəm ki, bu, elə böyük xərc tələb etməz. Yox, əgər tədbir görülməsə, bir də görəcəksiniz ki, zəng vurub deyəcəm ki, o ev təmirsizlikdən uçub getdi…”
Filmlə bağlı digər maraqlı nüansları öyrənmək üçün Nazim Əmirovdan əlavə filmin çəkilişlərində iştirak etmiş şəxslər ilə əlaqə saxladıq. Bunlardan biri də əslən Şamaxı şəhərindən olan nağara ifaçısı Əhməd Təhməzovdur. Yəqin ki, filmə baxan hər kəs Mirzə Babayevin “Görüm, a bəy, toyun mübarək olsun” deyə oxuduğu səhnəni gözəl xatırlayır. Əhməd müəllim həmin səhnədə nağara ifa edir. Çəkilişlə bağlı xatirələrini bizimlə bölüşən Ə.Təhməzov qeyd edir ki, o dövrün ən məhşur incəsənət xadimləri ilə birlikdə keçən hər an onun üçün çox maraqlı imiş:
Çəkilişlərdə mənim öz ifam yoxdur… 
“Bəyin oğurlanması” filminin çəkilişi üçün Şamaxıya respublikanın ən məşhur aktyorları gəlmişdi. Onlarla birlikdə vaxt keçirmək çox maraqlı idi. Təxminən, 40-45 gün mən onlarla birlikdə oldum. Bəzən hava şəraiti çəkiliş aparmağa imkan vermirdi. Bir də görürdün iki dəqiqəlik bir epizodu çəkmək üçün saatlarla gözləmək lazım gəlirdi.
Çəkiliş briqadası, təqribən, 25-30 nəfərdən ibarət idi. Onlar Şamaxıda mehmanxanada qalırdılar. Yeməklərini isə bəzən həmin mehmanxananın yeməkxanasında, bəzən isə kənd camaatı ilə birlikdə yeyirdilər.
Filmdəki səhnələrin bir neçəsində mən də çəkilmişəm. Xatırlayırsınızsa, filmdə belə bir səhnə var. Səməndər Rzayev gəlib deyir ki, “Əsəd müəllim, ayə, mənəmee, Hidayət müəllim”. Həmin səhnədən öncə isə qızlar maşının üstündə oxuya-oxuya gedir. Bax orada maşının üstündə nağara çalan mənəm. Həmin səhnə avqust ayında çəkilib.
Çəkilişlərdə mənim öz ifam yoxdur. Musiqi səhnələrindəki ifalar fonoqramdır. Ümumiyyətlə, filmdəki musiqiləri Vəli Qədimov, Aftandil İsrafilov və Almaz Quliyev ifa edirdilər.
Klarnet çalanı üzüm yığmağa aparmışdılar…
O vaxt mən Mədəniyyət Evində işləyirdim. Çəkilişlərə məni bir tələbə yoldaşım cəlb etdi. Məndən xahiş etdi ki, əlavə olaraq klarnet və qarmon ifaçısı da tapım. Xülasə, biz üçümüz çəkilişlərə qatıldıq. Səhəri gün klarnet çalanı polis tutmuşdu. O vaxt üzüm yığımı vaxtı olduğu üçün küçədə kimi görsələr, üzüm yığmağa aparırdılar. Klarnet çalanı da qəfil küçədən götürüb üzüm yığımına apardılar. Naçar qalıb mənə dedilər ki, bir nəfər adam tap, yalandan klarneti əlində tutsun. Onsuz da çalğı səhnələri fonaqramma çəkilir. Mənim tapdığım adam da peşəkar klarnet ifaçısı deyil, adi kənd sakini idi. Görüntüləri montaj edərkən baxıblar ki, həmin adam klarneti düzgün tutmayıb. Eyni zamanda klarnetin dilləri və digər hissələri də əyridir. Sən demə, klarneti yığarkən düzgün yığmayıbmış. Buna görə mənə də söz gəldi. Həmin hissəni montaj edərkən kəsib çıxartdılar.
Çəkilişlər bitəndən bir həftə sonra mənə 180 rubl pul verdilər. Kənd camaatına isə çəkilişlərdə iştirak etməyə görə 3-10 rubl arası gündəlik ödəniş edirdilər. Hər gün Şamaxı şəhərindən 30-40 nəfər çəkilişlərlə maraqlanmaq üçün Məlhəm kəndinə gedirdi”.
Əhməd müəllimdən əlavə, Şamaxıdan olan digər bir musiqiçi, tanınmış zurna-balaban ustası, Respublikanın Əməkdar Mədəniyyət İşçisi Rasim Ələsgərovla da əlaqə saxladıq. Rasim müəllim bildirdi ki, qəfil və xoşagəlməz bir hadisə ucbatından filmin çəkilişlərində iştirak edə bilməyib:
“Kamaz vurdu çəkilişdə iştirak edə bilmədim…
Filmdə qara zurnanı mən çalmalı idim. Vəziyyət elə gətirdi ki, çəkilişlərə yaxın məni rayondakı üzüm bağlarına konsertə göndərdilər. Konserti bitirib rayon mədəniyyət şöbəsinə qayıtmaq üçün maşınımıza minməyə gəlirdim. Yolun qırağında bir kamaz məni vurdu, ayağım qırıldı, düşdüm xəstəxanaya. Nəticədə çəkilişlərdə iştirak edə bilmədim. Mənim əvəzimdə çəkilmək üçün Göyçəli Məmməd dayını dəvət etdilər”.
Qeyd edək ki, “Bəyin oğurlanması” filmindəki səhnələr yalnız Məlhəm kəndində çəkilməyib. Eyni zamanda filmdə Şamaxının Əngəxəran kəndində çəkilən səhnələr də var. Əsas səhnələr isə məhz Məlhəmdə lentə alınıb.
https://youtu.be/_MtqWRHcU2c