“Bəzi diplomatlarımız dövlətə xəyanət, satqınlıq ediblər”-

PREZİDENTDƏN MÜHÜM AÇIQLAMA
16 İyul 2020 - 16:41

“Bizim xaricdəki bəzi diplomatlarımız fəaliyyət göstərdikləri ölkələrin elçilərinə çevrilirlər. Buna son qoyulmalıdır. Bu da yanlış kadr siyasətinin təzahürüdür. Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər və bunu gizlətmirlər. Yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədirlər. Bizdə kifayət qədər məlumatlar var.

Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev yeni təyin olunmuş Xarici işlər naziri Ceyhun Bayramovu videoformatda qəbulu zamanı deyib.

Prezidentin sözlərinə görə, bu gün Azərbaycana qarşı çirkin kampaniya aparan, özünü azərbaycanlı kimi təqdim edən, əslində, ermənilərdən də pis olan ünsürlərin mütləq əksəriyyəti yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədir: “Onlardan pul və təlimatlar alırlar. Bizdə bu məsələ ilə bağlı kifayət qədər məlumatlar var. Bizim xüsusi xidmət orqanlarımız tərəfdaş ölkələrin xüsusi xidmət orqanlarına dəfələrlə bu haqda məlumatlar vermişlər. Demişlər ki, biz bilirik, filan adamı siz istiqamətləndirirsiz, filan adama siz ev vermisiniz, filan adamın çirkin çıxışları sizin idarənizdə yazılır. Biz bütün bunları bilirik. Bir daha demək istəyirəm ki, bu, o ölkələrin riyakarlığını göstərir. Çünki mən bu haqda dəfələrlə demişəm. Bir tərəfdən bizə dostluq siqnalları göndərilir, üzdə tərəfdaşlıq haqqında sözlər deyilir, amma, əslində, bizə qarşı kampaniya aparılır. Bunun da məqsədi Azərbaycanı zəiflətmək, Azərbaycanı sarsıtmaq, Azərbaycanı ləkələmək, Azərbaycan rəhbərləri haqqında olmayan yalanları yaymaqdır. Ancaq həyat artıq göstərir ki, bunun heç bir əhəmiyyəti yoxdur”.