Bəhreyn Forumunda dini liderlər Azərbaycanın hansı nümunəsini alqışlayıblar?-FOTOLAR

Bəhreyndə Kral Hamad bin İsa Əl Xəlifənin himayəsi ilə keçirilmiş “Şərq və Qərb Bəşəri Birgəyaşayış Uğrunda” başlığı altında “Bəhreyn Dialoq Forumu”nda Azərbaycanın tolerantlıq məkanı olaraq, islamdaxili və məzhəblərarası münasibətlərdə bir nümunə olduğu bəyan edilib.

Fars körfəzi sahilində yerləşən bu dövlətdə noyabrın 4-də baş tutumuş mötəbər toplantıya dünyanın 79 ölkəsindən 200 nufuzlu din xadimi, siyasətçilər, dövlət rəsmiləri qatılıb.

Azərbaycanı toplantıda Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə təmsil edib.

Açılışı “Qəsr əs-Səxir” Kral sarayında olan Forumun iştirakçı siyahısı kifayət qədər diqqətçəkən olub.

Əl-Əzhərin Şeyxi, Dünya Müsəlman Ağsaqqallar Şurasının sədri Əhməd Əl-Tayyib, Roma Papası Fransisk, Bəhreyn Krallığı Ali İslam Məsələləri Şurasının prezidenti, Kral ailəsinin üzvü Şeyx Əbdürrəhman bin Məhəmməd bin Raşid Əl Xəlifə, Şeyxülislam Allahşükür Paşazadə,  Tatarıstan prezdenti Rüstəm Minnixanov və digər şəxslər toplantının iştirakçıları sırasında yer alıb.

Forumun gündəliyi müasir çağırışları əhatə edərək kifayət qədər maraqlı olub.

Bəhreyn Deklarasiyasında əks olunan “Allah bizə azadlıq və seçim kimi ilahi hədiyyə verib. Ona görə də dini zəmində məcburetmənin hər hansı forması insanı Allahla etiqad münasibətlərinə gətirə bilməz” tezisi Forumun əsas aparıcı xətti olaraq çıxışların mesajında əks olunub.

Şeyx İsa adına Mədəniyyət Mərkəzində keçirilmiş 2 günlük Forumda konfessiyalararası dialoqun mühümlüyü, dinc yanaşı yaşama, din xadimlərinin və alimlərin iqlim dəyişikliyi, qlobal ərzaq böhranı, insan qardaşlığı üçün qlobal həmrəyliyi, həmçinin bu sahələrdə təcrübə mübadiləsi müzakirə mövzusu olub.

Forum iştirakçıları belə beynəlxalq tədbirin mühümlüyünü qeyd edərək insanlıq naminə müxtəlif dinlər arasında əməkdaşlıq yönündə işləməyin vacibliyini vurğulayıblar.

Qeyd edilib ki, forum xalqlar arasında mövcud maarifliçilik mesajını yaymaq və təcrübənin toplanmasında mühüm rol oynayır. Bu, insanların ləyaqətinin və hüquqlarınnı qorunması üçün humanitar missiya olaraq əhəmiyyətlidir.

İştirakçılar həmçinin Forumda səslənən fikirlərin müxtəlif ölklərin praktikasında, qanunvericlik və siyasətində əksini tapacağına ümidvar olduqlarını deyiblər.

İclasda Bəhreyn kralı çıxış edərək müharibələrin, o cümlədən Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün diplomatik dialoqun, beynəlxalq əməkdaşlığın mühüm olduğunu deyib.

Toplantında çıxış edən Əl-Əhzərin rəhbəri, Müsəlman Ağsaqqalar Şurasının sədri sülh naminə, müsəlman xalqlarının üzbəüz olduğu çağırışlara qarşı durmaq üçün ciddi dialoqa ehtiyac olduğunu vurğulayıb.

Əl-Əzhərin Şeyxi bəşəriyyətin iyirminci əsrin sonlarından bəri saysız-hesabsız böhranlarla üzləşdiyini vurğulayıb. O bildirib ki, dünya dinlərinin təlqin etdiyi əxlaqi dəyərlərin qorunmaması səbəbindən bəşəriyyət dünyada insan ləyaqətinə həqarətlərin, sülhə və əmin-amanlığa təhdidlərin şahidi olur. Bu dəyərlərə istinad olunmaması dünya iqtisadiyyatında və cəmiyyətlərdə böyük böhranlara səbəb olur. O, deyib ki, müasir dünyamızın böhranı əsasən mənəvi və inam böhrandır.

Roma Papası çıxışında Rusiya-Ukrayna müharibəsinin dayandırmağa və tərəfləri sülh danışıqlarına başlamağa çağırıb.

“Bir sıra güclər köhnəlmiş leksikonu “qəbirdən çıxararaq” şəxsi maraqları üçün amansız mübarizəyə köklənib”- deyən Papa bildirib ki, indiki “tufanlı münaqişələr dənizində” Ümuminsanlıq Bəyannaməsi faydalıdır. Papa vurğulayıb ki, bəşəriyyətin gizli faciələrini –fəlakətli qeyri-bərabərliyi, biabırçı kasıblığı, aclığı və iqlim dəyişikliyini gözdən qoymaq olmaz.

Müqəddəs Ata qeyd edib ki, Müsəlman Ağsaqqallar Şurasında təmsil olunan dünyanın nüfuzlu müsəlman dini liderləri dindən sui-istifadə hallarının aradan qaldırılmasında, dünyada ədalət, tolerantlıq dəyərlərinin, sülhün yayılmasında mühüm rol oynayırlar.

Həmin gün Şeyx Əhməd Əl-Tayyibin başçılığı ilə Dünya Müsəlman Ağsaqqalları Şurasının iclası keçirilib.

Toplantıda çıxış edən Müsəlman Ağsaqqallar Şurasının üzvü Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın mulkultural siyasətinin uğurlu nəticələrindən danışıb. Şeyx deyib ki, Azərbaycan dünyada insan həmrəyliyinə xidmət edən təşəbbüslərlə çıxış edir və bu istiqamətdə qlobal səyləri dəstəkləyir. “İnsan qardaşlığı” Sənədinin müddəalarından irəli gələn məqamlar Azərbaycan tərəfindən dəstəklənir. QMİ sədri vurğulayıb ki, ölkəmizdə dini, məzhəb ayrıseçkiliyi yoxdur, islamdaxili vəhdət hökm sürür.

KAİCİİD beynəlxalq dinlər və sivilizasiyalar arası dialoq Mərkəzinin Direktorlar şurasının üzvü d-r Məhəmməd Sammak Şeyxülislam A.Paşazadəyə xitab edərək Azərbaycanın tolerantlıq məkanı olaraq, islamdaxili və məzhəblərarası münasibətlərdə bir nümunə olduğunu ifadə edib.

Şeyxülislam A. Paşazadə vurğulayıb ki, Azərbaycan xalqı 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 ilə qədər davam etmiş Ermənistanın hərbi təcavüzünə son qoyaraq əzəli torpaqları olan Qarabağı işğaldan azad edib.

O, işğal dövründə Ermənistan tərəfindən törədilən vandalizm aktlarına diqqət çəkərək dövlətin dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi abidələrimizi bərpa işləri apardığını deyib.

Şura sədri və tədbir iştirakçıları Azərbaycan xalqını və dövlətini 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin ikinci ildönümü münasibətilə təbrik ediblər.

Bəhreyn Forumu çərçivəsində Şeyxülislam A.Paşazadə bir sıra görüşlər keçirib.

Roma Papası Fransisk, Əl-Əzhərin Şeyxi Əhməd Əl-Tayyib, Vatikanın ali nümayəndələrindən Dövlət katibi kardinal Pietro Parolin, Dinlərarası dialoq üzrə Pontifik şurasının prezidenti, kardinal Migel Anhel Ayuso, arxiyepiskop Edqar Penya Parra, arxiyepiskop Pol Riçard Qallaher, habelə Konstantinopol patriarxı Varfolomey, BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos və digər nüfuzli din xadimləri ilə ikitərəfli görüşlər keçirib.

QMİ sədri Şeyxülislam A. Paşazadənin Bəhreyn Krallığı Ali İslam Məsələləri Şurasının prezidenti, Kral ailəsinin üzvü Şeyx Əbdürrəhman bin Məhəmməd bin Raşid Əl Xəlifə ilə görüşündə ölkələrimiz arasında əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

QMİ sədri Əl-Əzhərin Şeyxini Azərbaycana dəvət edib. Əhməd Əl-Tayyib Azərbaycanda müxtəlif din və məzhəb nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşadığı, sünnilərlə şiələrin bir məsciddə namaz qıldığını bildirib və dünya üçün örnək olan İslam ölkəsi Azərbaycanı ziyarət etmək dəvətini məmnuniyyətlə qəbul edib.

Azərbaycan Bəhreyn Forumunda dünyaya bəyan etdiyi uğurlu tolerantlıq nümunəsi ilə qatılıb. Ölkəmiz dinlərarası əməkdaşlığın parlaq səhifələrini yazaraq dünya çapında diqqəti özünə çəkə bilib. Təsadüfi deyil ki, Bəhreyn Forumunda səslənən, arzulanan dini tərəfdaşlıq Azərbaycanda həyata vəsiqə qazanıb və gündəlik həyat tərzi kimi qəbul edilir. Odur ki, hazırkı dünyanı, dini liderləri dostluq və dialoqa çağırmağa QMİ sədrinin haqqı çatır.

Şeyxülislam dini yalançı konsepsiyalardan, sui-istifadə cəhdlərindən qorumağı bacaran, nifrət və zorakılıq çağırışlarına qarşı əzmlə duran nadir din xadimlərində sayıla bilər. Odur ki, QMİ sədrinin mötəbər konfranslara, Forumlara dəvət olunması, dünyanın tanınmış din xadimləri ilə bir cərgədə dayanması onun bu mövqeyinə söykənir.

QMİ sədrinin din xadimləri ilə mütəmadi görüşləri, humanist mesajları, çağırışları daşımaq üçün öndə olması islam və xristian dünyası arasında dialoq platformasının qurulmasında töhfələrini verir.

QMİ sədrindən fərqli olaraq Erməni Apostol Kilsəsinin başçısını belə mötəbər tribunlarda görmürük. Katolikosun xalqlar arasında nifrət yayn çağırışları heç bir halda müqəddəs kitablara əsaslanmır və dünyanın dini liderləri tərəfindən qəbul olunmur.

Erməni din xadimlərinin Qarabağ münaqişəsini dünyada dini münaqişə kimi qələmə vermək cəhdi də həmişə boşa çıxıb. Burada QMİ sədrinin beynəlxalq platformalarda nufuzu az rol oynamayıb. Şeyxülislam münaqişənin dini rəng verərərək bundan siyasi dividenlər qazanmağa çalışan erməni kilsəsinin bu iddialarına qarşı ilk gündən ciddi mübarizə aparıb. Nəticədə Eçmədizn arzusuna çata bilməyib.

Din xadimləri dünyanın dini əqidə üstündə ikiyə bölünməsinin və bəşəriyyəti bu yönə çəkən yalançı “ideyaları” kəskin şəkildə pisləyir və bunu yolverilməz sayırlar.  Bu gün bədnam “sivilzasiyaların toqquşması” nəzəriyyəsinə qarşı islam tezisi olan “sivilzasiyaların tanışlığı” nəzəriyyəsi qoyulur. Bu ideya görkəmli alimlərin və mütəfəkkirlərin diqqətini çəkib.

“Quran”da adı keçən “Təərruf” sözünə əsaslanan bu nəzəriyyə iki tərəf arasında şəffaflığı təbliğ edərək əməkdaşlıq çərçivəsində sülh və firavanlığa nail olmağı təbliğ edir və xalqlar və millətlər arasında qlobal münasibətləri ayırd etməyə hədəflənib.

Bu nəzəriyyənin prinsipləri Azərbaycanda əsrlərin sınağından keçən tolerantlıq və multkultural prinsiplərlə üst-üstə düşür. Ölkəmiz vaxtaşırı dünya dinlərinin nümayəndələrini bir yerə toplayaraq öz təcrübəsini bölüşür, əməkdaşlıq imkanlarını təqdim edir. Belə tədbirlər dinlərarası münaqişə cəhdlərinin qarşısını alır, bu sahədə vahid cəbhə formalaşdırır.

Odur ki, Azərbaycan Bəhreyn Forumunda deməyə sözü, göstəməyə əməli və uğur hekayəsi olan dövlət kimi iştirak edib.

Forumda iştirak edən BMT-nin Svilizasiyalar Alyansının nümayəndəsi Nihal Saad deyib ki, Forum dini liderlərin qlobal çağırışlar üçün rolu mühümdür. Şeyxülislamın çıxışının əsas mesajı da bəşəriyyətin maraqları naminə birgə əməkdaşlıq çağırışı təşkil edib.

Aydın ABBASOV

 

 

Əvvəlki məqalə

Sosial şəbəkələrdə Rəşad Dağlının oğlunun adından pul yığılır –

Sonrakı məqalə

ABŞ Türkiyəyə dəstəyini ifadə edib