“Bəlkə Ərdoğanın NATO ilə siyasi alverinin içində biz də varıq?!” –NATİQ CƏFƏRLİ

“Ərdoğan, və ya Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə veto qoymayıb. Veto səsvermə zamanı tədbiq edilən prosedurdur. Hələ səsvermə olmayıb ki, veto da qoyula. Bu iki ölkə hələ rəsmən NATO-ya müraciət etməyib”.
Azpost.info bildirir ki, bu sözləri REAL Partiyasnın rəsmisi Natiq Cəfərli son günlər bu məsələ ilə bağlı aparılan müzakirələri META-da şərh edərkən bildirib.
Onun sözlərinə görə, hər iki ölkədə daxili qaydalara uyğun olarq NATO-ya üzvlüklə bağlı müraciətə qərar verilib. Hələ müraciətə baxılacaq, prosedurlar müəyyən olunacaq, səsvermə olacaq. O zaman üzv ölkələr öz veto hüququndan istifadə edə bilərlər: “Türkiyənin indiki tutumu sadəcə siyasi davranışdır. Doğru edir, düzgün qərar verir. NATO və AB ilə aralarında olan bəzi problemləri həll etməyə çalışır, öz dövlət maraqlarından çıxış edir. Rəsmi Ankaranın bu günə olan açıqlamasının tərcüməsi odur ki, bizim istəklərimizi nəzərə alın, PKK məsələsi sadəcə görünən tərəfdir, məncə əsas məsələ “S-400” söhbətinin birdəfəlik bağlanması, F-35 və “Patriot” raketləri ilə bağlı məsələnin həllidir”.
N. Cəfərlinin fikrincə, Türkiyə F-35-lərin istehsalında iştirak edirdi.  Bu tək biznes, pul məsələsi deyildi, həm də texnologiyalara çıxış imkanı verirdi: “NATO çox səhv olaraq Türkiyəni o proqramdan çıxartdı, indi geri qaytarılması müzakirə edilir”.
“Sosial şəbəkələrdə, mediada həyatı boyu 3 nəfərlik  kollektivi idarə etməmiş şəxslər bəzən böyük siyasət, dövlət idarəetməsi haqqında elə əcaib, bayağı şərhlər yazırlar ki, insanı gülmək tutur. Sanki Ərdoğandan, Türkiyədən çox bilirlər. Ona min irad bildirmək, ideoloji duruşu ilə razılaşmamaq olar, amma təcrübəsinə söz yoxdur axı. Bəlkə elə Rusiya ilə də siyasi alver edir? Bəlkə elə Qarabağ məsələsi də masadadır, bəlkə bizə həmişəki kimi kömək və dəstək göstərir?! Bəlkə NATO ilə siyasi alverin içində biz də varıq?! Bilmirik. Amma hər şey ola bilər. Ona görə də, siyasətçilər, dövlət adamları haqqında fikir bildirərkən ayarı qaçırmamaq lazımdır. Əsl siyasətçi, dövlət adamı ilk əvvəl öz ölkəsinin, xalqının maraqları haqqında düşünərək davranmalıdır…”-deyə N.Cəfərli yazıb.
Əvvəlki məqalə

“Bunu sübut etməsələr, “Tvitter”i almayacağam” –

Sonrakı məqalə

Ermənistanda etiraz aksiyalarında 400 nəfər saxlanılıb