Bəstəkar Ruhəngiz Qasımova Honkonqda vəfat edib –Cənazəsi Bakıya gətiriləcəkmi?

“Ruhəngiz çıxıb getdi, heç bizimlə sağollaşmadı da. Sonra iki dəfə ona zəng etdim, cavab da vermədi. Təxminən 20 gün öncə qızının yanına Honkonqa getmişdi. İndi bilmirəm Honk Konqda dünyasını dəyişib, yaxud başqa şəhərdə. Amma dəqiq onu bilirəm ki, Azərbaycanda deyil”.

Bunu Moderator.az-a açıqlamasında Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova deyib. O, daha sonra əlavə edib.

“Bilmirəm, qızının yanından gətirilib burada dəfn olunacaq, ya yox. Çünki ordan bura gətirmək böyük xərc tələb edir. Həyat yoldaşı ötən il dünyasını dəyişmişdi. Heç ili də çıxmayıb. Onun ölümü çox pis təsir etmişdi Ruhəngizə. Ruhəngiz o qədər şən, yumorlu insan idi ki, ərinin ölümünə dözmədi. 2006-cı ildən ərinə baxırdı. Özünün də şəkəri, təzyiqi var idi. Deyirdi ki, birdən mənə nəsə olar, həyat yoldaşım tək qalar. Mənimlə çox yaxın rəfiqə idi, daha sonra da Bəstəkarlar İttifaqının xətti ilə bir çox ölkələrə səfərlər etmişik. Rəhmətlik oğlum onun haqqında monoqrafiya yazmışdı, hər dəfə razılıq və təşəkkür edirdi” deyə sənətkarın yaxın rəfiqəsi deyib.

Tanınmış teleprodüser Oktay Əliyev də Ruhıngiz Qasımovanın Honkonqda vəfat etdiyini yazıb.

“Hamı sevirdi onu, yaşına baxmadan pozitiv və həmişə gülərüz. Kədəri yaxın buraxmazdı, bu dəfə uzaq Honkonqdan bizi kədərləndirdi. Əməkdar incəsənət xadimi, bəstəkar, mənim isə “mamaşa” çağırdığım Ruhəngiz xanım qürbətdə bu dünya ilə vidalaşdı. Mahnıları kimi özü də fərqli, enerji ilə bol idi. Yaşını heç yaxına buraxmırdı. “Yeni ulduz” yarışması daha da yaxınlaşdırdı bizi. Yarışma illərdi bitsə də, əvvəlki münasibət, zarafat və bəzən də sərt sözlər aramızda qalmışdı. İndi sadəcə yoxdur və bu qədər… İncəsənətimiz bir az kasıblaşdı, o illərin müsbət aurasını yaşadan sənətkarsız qaldıq. Barışmaq olmur, amma acı gerçəkdir!”

Əvvəlki məqalə

“Krım körpüsündəki partlayışı Ukrayna xüsusi xidməti təşkil edib” –

Sonrakı məqalə

Afrikadan Avropaya qaz kəməri çəkilir