Bakı aeroportunda sərnişin dövriyyəsi 36 faiz artıb

Heydər Əliyev Beynəlxalq Aeroportu 2024-cü ilin may ayında 625 mindən çox sərnişinə xidmət göstərib. Bu rəqəm 460 min sərnişinin daşındığı ötən ilin müvafiq dövrü ilə müqayisədə 36 faiz çoxdur.

Aeroportdan bildirilib ki, may ayında 14-ü aşağıbüdcəli (loukoster) olmaqla, 34 aviaşirkət 4905 uçuş həyata keçirib. Beynəlxalq marşrutlar üzrə sərnişin dövriyyəsinin 55 faizi xarici aviaşirkətlərin, qalan hissəsi isə milli aviadaşıyıcının payına düşüb. Ümumilikdə xarici aviaşirkətlər 314 mindən çox, “Azərbaycan Hava Yolları” isə 252 min sərnişin daşıyıb. Bu müddətdə Naxçıvan istiqamətində 60 minə yaxın sərnişinə xidmət göstərilib.

Əhəmiyyətli artım tranzit sərnişinlərin sayında müşahidə olunub – 2023-cü ilin may ayı ilə müqayisədə 2 dəfə artaraq, 29,7 min nəfər təşkil edib.

Bu ilin may ayında Bakıdan ən populyar beynəlxalq istiqamətlər sırasında İstanbul, Moskva, Tbilisi, Dubay, Əbu-Dabi, Ankara, Şarja, Dehli, Sankt-Peterburq və Doha şəhərləri olub. Bu istiqamətlərdə 354 mindən çox sərnişinə xidmət göstərilib.

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

“Paşinyanın KTMT və Lukaşenko ilə bağlı bəyanatları ABŞ-ın xoşuna gəlmək üçündür”