Bakıda bəzi küçələrdə avtomobillərin hərəkət qaydası dəyişib

Paytaxtın Nərimanov rayonu, Təbriz və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yaranan avtomobil sıxlığı azalacaq.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Mərkəzin əməkdaşları ərazidə təhlillər aparıblar. Qeyd olunan kəsişmədə sürücü və piyadaların təhlükəsiz hərəkətini təmin etmək, eləcə də yaranan sıxlığı azaltmaq məqsədilə təkliflər hazırlanıb və icrası ilə bağlı aidiyyəti dövlət qurumundan müsbət rəy alınıb. Belə ki, bundan sonra Əhməd Rəcəbli küçəsilə hərəkət edən avtomobillər yolda 3.19 (Geriyə dönmək qadağandır) nişanı quraşdırıldığından birbaşa geriyə dönə bilməyəcəklər.

Onlar Təbriz küçəsi istiqamətinə hərəkət edib Nərimanov parkının qarşısındakı alternativ geriyədönmədən istifadə edə biləcəklər. Bununla yanaşı, Təbriz küçəsindən Əhməd Rəcəbli küçəsi istiqamətində də yaranan sıxlığın qarşısını almaq üçün svetoforda əlavə sağa dönmə seksiyası quraşdırılıb.

Əvvəlki məqalə

Bakıda “Media Savadlılığı” konfransı keçirilir

Sonrakı məqalə

Duma xarici avtomobillərdən istifadə edən deputatlara benzin pulu verməyəcək