Yayın ortası olmasına baxmayaraq, paytaxtın daşınmaz əmlak bazarında qiymət artımı müşahidə olunur. Hər il avqust ayının sonlarında başlayan “kirayə bum”-u bu il iyul ayından start götürüb.
Azpost.info paytaxtın mənzil bazarındakı son trendləri və qiymət artımının real səbəblərini araşdırıb.
Tələbələr və “erkən köç” strategiyası
Əvvəlki illərdə kirayə bazarında əsas hərəkətlilik avqustda – tələbələrin qəbul balları və yerləşəcəkləri universitetlər məlum olduqdan sonra başlayırdı. Lakin ötənilki təcrübə (sentyabrda ev tapmağın imkansızlığı və kəskin qiymət artımı) həm valideynləri, həm də köhnə kirayəşinləri daha erkən hərəkətə keçməyə məcbur edib.
Hazırda bölgələrdən gələn valideynlər universitetlərə yaxın ərazilərdə indidən ev tutub, iki aylıq boş icarə haqqını ödəməyi sentyabrda küçədə qalmaqdan daha sərfəli variant hesab edirlər. Bu “erkən tələb” isə bazarda təklif olunan ucuz evlərin sürətlə tükənməsinə səbəb olur.
Bakıda kirayə evlərin qiyməti (İyul-avqust trendi)
Aşağıda paytaxtın müxtəlif zonaları üzrə hazırda qeydə alınan və sentyabrda gözlənilən orta qiymət dinamikasını təqdim edirik:
Mərkəz (28 May, Elmlər, Nərimanov) 1-2 otaqlı (yaxşı təmirli) 700 – 1100 manat. Sentyabr üçün proqnoz: 850 – 1300+manat.
Yaxın Ətraflar (İnşaatçılar, Neftçilər, Xətai) –1-2 otaqlı (orta təmirli) –500 – 700 manat. Sentyabr üçün proqnoz: 650 – 800 manat.
Kənar Zonalar (Xırdalan, Sumqayıt, Yeni Günəşli)- 1-2 otaqlı (həyət evi / Bina)-320 – 450 manat. Sentyabr üçün proqnoz 400 – 550 manat.
Ekspertlərin rəyinə görə, son bir ayda xüsusilə metro stansiyalarına yaxın ərazilərdə kirayə mənzillərin qiymətində minimum 10-15% artım var. Sentyabrda tələb pik həddə çatanda bu artım 25-30%-i keçəcək.
İndiki bahalaşmanın digər bir səbəbi isə psixolojidir. Ev sahibləri və maklerlər payızda tələbin mütləq artacağını bildiklərindən, elan saytlarında qiymətləri süni şəkildə yuxarı çəkirlər. Hətta bəzi ev sahiblərinin hazırda mənzildə yaşayan kirayəşinlərə “ya qiyməti qaldır, ya da çıx, sentyabrda tələbəyə baha verəcəm” deyərək təzyiq etməsi barədə sosial şəbəkələrdə onlarla şikayətə rast gəlmək mümkündür.
Yay aylarında Bakıya gələn ərəb və rusiyalı turistlərin sayının çox olması mərkəzdəki mənzillərin əksəriyyətinin gündəlik kirayəyə yönəlməsinə səbəb olub. Ev sahibləri üçün mənzili aylıq 700 manata verməkdənsə, turistə günlük 60-80 manata vermək daha gəlirlidir. Mərkəzdə uzunmüddətli kirayə üçün mənzil qıtlığının yaranması, avtomatik olaraq ətraf rayonlarda da qiymətləri zəncirvari şəkildə qaldırır.
Mənzil axtaranlar nə etməli?
Əgər yaxın 2-3 ay ərzində Bakıda ev kirayələmək planınız varsa, sentyabr ayını gözləmək büdcənizə ciddi zərbə vura bilər. Ekspertlər metro xətlərindən bir qədər kənarda yerləşən, lakin avtobus bağlantısı rahat olan ərazilərə (məsələn, Yeni Yasamal, mətbuat prospektinin kənarları, Xətai və ya Binəqədinin bəzi hissələri) üstünlük verməyi və müqaviləni mütləq minimum 1 illik, sabit qiymətlə bağlamağı tövsiyə edirlər.
Azpost.info