Bakıda oğru bankı şoka saldı –40 min oğurladı, gəlib bankirlərə bunu necə etdiyini dedi

Bakıda vətəndaşların kartlarından pul çıxarmaqda ittiham edilərək həbs edilən şəxsin məhkəməsi davam etdirilib. O, ifadəsində bir çox maraqlı məqamlara toxunub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1990-cı il təvəllüdlü Nəzərli Səddam Nizami oğlunun cinayət işi üzrə məhkəmə iclası baş tutub. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Səddam Nəzərli sərbəst ifadə verib.

O, əməlini etiraf edib və qismən özünü təqsirli bilib. Deyib ki, bu cinayəti ehtiyatsızlıqdan edib: “Uzun müddət işsiz idim. Borclarım var idi. Necə edəcəyimi düşünürdüm. Bizneslə də məşğul oldum. Market işlədəndə 10 min ziyan eləmişdim. Artıq borcları verə bilmirdim. Plan qurdum, fikirləşdim ki, bununla vəziyyətdən çıxa bilərdim. Əvvəlcə bir kartla yoxladım. Gördüm ki, alınır, digərlərini də yoxladım”.

Səddam deyib ki, məqsədi sadəcə ehtiyacı olduğu qədər pul götürmək olub: “Təxminən 30 min borc var idi. Oğlum da xəstə idi. 40 minə yaxın pul çıxartmağı planlaşdırmışdım ki, qalanı ilə də oğlum mən çıxana qədər yaşaya bilsin”.

Kartlardan pul çıxarma əməliyyatını necə etdiyini danışan Səddam bunları qeyd edib: “Hesablardan pulu anamın məndə olan kartına yükləyirdim. Sonra da nağdlaşdırırdım. Pulları çıxardıqdan sonra Türkiyəyə getdim. Bir müddət orada qalandan sonra Bakıya qayıtmağı düşündüm. Amma o vaxta qədər nə mənə, nə də ailəmə zəng gəlmişdi. Mən Bakıya qayıdanda fikirləşirdim ki, gömrükdə saxlanılacam. Yəni, bu işin üstü açılmış olacaq. Amma mənə heç nə deyilmədi, yoxlanılmadım. Düşündüm ki, ya xəbərləri yoxdur, ya da başqa nəsə plan qurublar. Bankın bu əməliyyatdan xəbərsiz olması inandırıcı gəlmirdi. Çünki 124 nəfərin hesabından pul çıxarmışdım. Necə ola bilərdi ki, bir nəfər banka şikayət etməsin və bank da buna görə araşdırma aparmasın?”

Səddamın daha sonra danışdıqları da ilginc olub. Məlum olub ki, Səddam öz cinayətinin üstünü elə özü açıb: “Gördüm ki, bunlardan xəbər yoxdur. Fikirləşdim ki, bu işi ictimailəşdirim. Ona görə də bu dəfə bank hesablarından ayrı-ayrı şəxslərin mobil nömrələrinə pul köçürdüm. Fikirləşdim ki, bu dəfə səs-küy olar və bank da xəbər tutar. Amma yenə də səs-soraq çıxmadı. Özüm banka zəng elədim. Dedim ki, sizdə belə boşluqlar və bu problemləri aradan qaldırmalısənız. Onlar mənə inanmadılar. Amma mən onlara ətraflı şəkildə izah elədim. Bir neçə gün sonra mənə Emin adlı bir nəfər zəng elədi. Özünü mənə həmin bankın işçisi kimi təqdim elədi. Amma mənim telefonumda proqram var idi və orada gördüm ki, Emin BMCMİ yazılıb. Bildim ki, o, Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşıdır. Mən polis əməkdaşı ilə danışdığını bilirdim, amma bunu biruzə vermədim. Polis əməkdaşı məndən bank işçisi kimi hər şeyi soruşdu və mən də izah elədim. Sonra məni banka görüşə çağırdılar. Ora getdim və hər şeyi izah elədim. Danışanda əvvəlcə mənə inanmırdılar. Amma dediklərimdən, izahımda sonra mənə inandılar. Amma sonda mənə qarşı haqsızlıq edildi. Məbləğ xeyli miqdardı külli miqdar deyil. Mənə təkrarən eyni cinayəti törətmək ittihamı veriblər. Onu da bir nömrəyə köçürdüyüm 8 min manata görə. Amma cinayət işi materiallarında da var ki, mən həmin 8 mini özümə yox, tanımadığım, təsadüfi şəxslərə köçürmüşəm. Buna görə də işimi ağırlaşdıblar. İndi bank da mənə qarşı 39 minlik iddia qaldırıb. Bu da xeyli miqdardır”.

Səddam kartların sahibindən “təsdiq kodu” gəlmədən hesabdan necə pul çıxarmasını da izah edib: “Həmin kartlardan əvvəl SMS xidməti, təsdiq kodu yox idi. Bu işdən sonra bank 6 rəqəmli təsdiq kodunu tətbiq etməyə başladı”.

Məlum olub ki, Səddam ailəsinə, yaxınlarına, dostlarına əldə etdiyi məbləği mərc oyunundan udduğunu deyib: “Mənə dedilər ki, şükür ki, sən də nəsə uda bildin”.

Suallara cavab verən Səddam daha bir maraqlı epizoda toxunub. Məlum olub ki, Səddam bankdan pul çıxardığını ictimailəşdirmək məqsədi ilə ayır-ayrı şəxslərin, təsadüfi şəxslərin mobil nömrələrinə pul göndərən zaman Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşına da pul göndərib.

Səddam bu addımı məqsədli şəkildə etdiyini deyib: “Hətəm adlı polis əməkdaşının hesabına 250 manat göndərdim. Bilirdim ki, Hətəm bu işi başa düşəcək. O biləcək ki, bunu Səddam edib. Elə də oldu”.

Hakim Səddama sual verib: “Səddam, niyə 39 min? 390 min manat götürüb, daha bir neçə il də həbsdə yatmağın planını qurmuşdum?”.

Səddam deyib ki, yox, məqsədi sadəcə borcunu vermək olub: “40 minə görə burdayam. 390 min olsaydı nələr olardı. Mənə inanmırdılar. Əvvəl zərəri 90 min yazdılar, sonra da 85 min. Axırda da 70 min oldu”.

Tərkibdə olan digər hakim Mirzə Xankişiyev də Səddama sual verib: “Sənin həbsə girməkdə məqsədin mənə şübhəli gəlir. Düşünürəm ki, sən bu sistemi, əməliyyatı başqalarına öyrədib həbsə gedirsən. Onlar da bu işi davam etdirəcək və sən bundan kənarda qalacaqsan”.

Səddamın sözlərinə görə, artıq onun etdiyi üsulla kartlardan pul çıxarmaq olmur. Həm təhlükəsizlik kodu məsələsinə görə, həm də bankın bu istiqamətdəki nöqsanları aradan qaldırdığını görə…

Məhkəmə araşdırması davam etdirilir.

İttihama görə, Səddam Nəzərli xüsusi kiberproqramlardan istifadə edilməklə yerli bankların 100-dən çox müştərisinə məxsus kartlardan 85 000 manat pulun şəxsi hesablara köçürərək nağdlaşdırıb. Xüsusi əməliyyat-axtarış və texniki tədbirlər nəticəsində qeyd edilən qanunsuz əməli törətməkdə şübhəli bilinəm Səddam Nəzərli saxlanılıb.

Baxış zamanı saxlanılan şəxsin yaşadığı mənzildən xüsusi haker proqramlarının yazıldığı noutbuklar, planşetlər, elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb. Həmin texniki avadanlıqların yaddaş blokuna baxış zamanı müxtəlif şəxslərə məxsus bank hesabları və kart məlumatları aşkar olunub.

İttihama görə, S.Nəzərli banka ümumilikdə 62 min manat zərər vurub. Səddam Nəzərli dəymiş zərərlə bağlı göstərilən məbləğin şişirdildiyini deyib. O bildirib ki, 40 min manat pul ələ keçirib.

O, deyib ki, planı elə qurub ki, məbləğ çox olmasın: “40 min götürmüşəm. Planı elə qurdum ki, çox olmasın. Çünki çıxan ağır ola bilərdi. Orada məbləği çox göstəriblər. Mən bu ittihamla razılaşmıram”.

Məhkəmədə məlum olub ki, bankın nümayəndəsi mülki iddia verib. Məhkəməyə təqdim edilən mülki iddiada tələb 39 min manat olaraq göstərilib. Bildirilib ki, məbləğin digər hissəsi bank tərəfindən geri alınıb.

Ona qarşı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 272-ci (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi açılıb.

Qeyd edək ki, Səddam Nəzərli daha əvvəl də Cinayət Məcəlləsinin 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddəsi ilə məhkum olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Lukaşenko oğlunu kəmərlə döyürmüş:

Sonrakı məqalə

Ofeliya Sənaninin infarkt diaqnozu təsdiqlənmədi –