Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirakı çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüş zamanı Azərbaycan və Rusiya arasında əməkdaşlıq məsələləri, habelə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub.
Azərbaycan XİN-in görüşlə bağlı açıqlamasında qeyd edilib ki, nazirlər ikitərəfli gündəliyin bir sıra istiqamətlərində, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, təhsil, mədəniyyət sahələrində əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini müzakirə ediblər. Azərbaycanla Rusiya arasında çoxşaxəli əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub.
“Görüşdə həmçinin iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran digər ikitərəfli və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb”, – deyə qeyd olunub.
Politoloq Zərdüşt Əlizadə hesab edir ki, hazırda Rusiya ilə Azərbaycan arasında münasibətlər normal səviyyədədir. Analitik Azpost.info-ya açıqlamasında bildirib ki, iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsi qaneedicidir: “Əlbəttə, zaman-zaman Rusiya Azərbaycanın maraqlarına zidd addım atır. Biz bunu 44 günlük müharibədən əvvəl də, sonrakı dövrlərdə də müşahidə etmişik. Rəsmi Bakıdan da, ictimaiyyətdən də Moskvanın bu addımlarına cavab verilib, etiraz edilib. İndi yaxşı hal odur ki, siyasi böhran müşahidə olunmur. Bu, özlüyündə bizim üçün sərfəlidir. Eyni zamanda, Rusiya-Ermənistan münasibətlərində də çatlar var. Bu gün Ermənistan Rusiyanın çətiri altında olan təşkilatlarda iştirakdan faktiki olaraq imtina edir, sammitlərə, iclaslara qatılmır. Bunun da Moskva-Bakı əlaqələrinə təsirləri var”.
“Azərbaycan üçün bütün qonşularla münasibətlərin yaxşı məcrada getməsi lazımdır. Rusiyanın Cənubi Qafqaz siyasəti bəllidir, bu barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Ona görə də Rusiya ilə qarşıdurma sərfəli deyil. Təbii, bu gün Rusiyanın başı özünə qarışıb, necə deyərlər, öz hayındadır. Ukrayna bataqlığında çabalayan Rusiyaya digər regionda problem lazım deyil. Biz də bu geosiyasi vəziyyətdən maksimum yararlanmalıyıq”, – Z.Əlizadə əlavə edib.
Politoloq Rusiya ilə Azərbaycan arasında bu illər ərzində əməkdaşlıqla bağlı yüzlərlə sənədin imzalandığını da xatırladıb: “Ukraynada müharibəyə başlamamışdan bir gün əvvəl Rusiya ilə Azərbaycan arasında fundamental sənəd imzalandı. O sənəddə bir sıra məsələlər əksini tapıb ki, həmin müddəalar əsasında münasibətlər davam etməlidir. Hesab edirəm ki, indi Azərbaycanın qonşu Rusiya ilə münasibətlərdə siyasi yanaşması məqbuldur”.
“Onu da unutmaq olmaz ki, Azərbaycan ərazisində Rusiyanın hərbi kontingenti var. Moskva sülhməramlı adı altında Qarabağa yerləşdirilən rus hərbçilərinin orada maksimum qalmasına çalışır. Biz elə etməliyik ki, 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Birgə Bəyanatda göstərilən tarixdə sülhməramlılar oradan çıxsınlar. Əslində indi də hərbi kontingentin bölgədə bir işi qalmayıb. Amma Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmayıb. Bundan Rusiya istifadə edir, hərbçilərini Qarabağdan çıxarmır. Nə Azərbaycan, nə də Ermənistan Rusiya hərbçilərinin bölgədə qalmasında maraqlıdır. Biz 2025-ci ilədək sülh sazişi imzalamalıyıq ki, birdəfəlik Rusiyanın hərbi kontingentinə ehtiyac qalmasın. Daha doğrusu, ehtiyac olmadığını sübut etmək lazımdır”, – politoloq vurğulayıb.
Anar ABDULLA
Azpost.info