Bankdan 500 dollar alan şəxs özü barədə məlumat verməlidir –İri həcmdə valyuta alanlara nəzarət gücləndirilib

 Azərbaycanda xarici valyuta alanlara nəzarət bir qədər də gücləndirilib.

Azpost.info Fed.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarına ünvanladığı təlimatda valyuta dəyişmə əməliyyatları zamanı xarici valyuta alan müştərilərdən daha detallı məlumatların alınması nəzərdə tutulur.

Artıq müştərilər baza məlumatları – ad-soyadla yanaşı, vəsaitin mənbəyi və alınan xarici valyutanın təyinatını da (yəni hansı məqsədlə alındığı və necə sərf ediləcəyi) göstərməlidirlər.

Saytın banklardan əldə etdiyi məlumata görə, alınan valyutanın həcmi 500 dolları keçdikdə müştərilər xüsusi blankı doldurmalıdırlar. Burada ad-soyad, ata adı ilə yanaşı, telefon nömrəsi, konvertasiya olunan vəsaitin mənbəyi və konvertasiya olanacaq vəsaitin istiqaməti (necə istifadə olunacağı) qeyd edilir.

Başqa sözlə, dollar almaq üçün manatın mənbəyini, eləcə də alınan dolların (və ya başqa xarici valyutanın) necə sərf ediləcəyini göstərmək tələb olunur.

Alınan valyutanın məbləği 20 min manatı keçdikdə isə müştəri Maliyyyə Monitorinq Xidmətinin (MMX) nəzarət dairəsinə düşür.

Artıq bu halda müştəri təqdim etdiyi məlumatları sənədlərlə də təsdiqləməlidir. Bunun üçün valyuta dəyişmə əməliyyatı zamanı bəzi  sənədləri təqdim etmək lazımdır.

Bütün bu məlumatlar Mərkəzi Bankdakı ümumi portala toplanılır və təhlil edilir.

Əgər müştəri alqı-satqı edibsə, yəni dollara çevirmək istədiyi manat məbləğini alqı-satqı nəticəsində əldə edibsə (məsələn, ev və ya digər əmlak satıbsa), notariusun təsdiqlədiyi alqı-satqı müqaviləsini təqdim etməlidir. Həmin müştəri müqavilədə göstərilən həcmdə vəsait dəyişə bilər. Məsələn, 40 min manatlıq alqı-satqı edilibsə, o qədər dollar almaq olar və sair.

Əgər vəsaitin mənbəyi kimi əmək haqqı göstərilirsə, son bir ilin əmək haqqı barədə möhürlü arayış tələb olunur.

Banklardan bildirilib ki, təqdim edilən məlumatlar toplanaraq yoxlanılır. Əgər məlum olsa ki, müştəri bir gün ərzində bir neçə yerdən xarici valyuta alıb və bu məbləğ limiti keçir, məlumatlar araşdırılır, həmin şəxslə əlaqə saxlanılır və vəsaitin mənbəyi soruşulur.

Əgər müştəri vəsaitin mənbəyini sənədlərlə izah edə bilmirsə, şəxsin gəlirləri araşdırılır və həmin məbləğdən vergi hesablanıb tutulur.

Dövlət Vergi Xidmətindən  bildirilib ki, belə hallarda həmin şəxslər vergi qeydiyyatına alınır, onlara VÖEN hesabı açılır. Mənbəyi göstərilə bilməyən vəsait isə qeyri-sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilən vəsait hesab edilir və həmin məbləğ Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14%-lə vergiyə cəlb edilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Müsyö Jordan Fransa kəşfiyyatçısı olub” –

Sonrakı məqalə

“500 dolların mənbəyini tələb edənlər villanın hesabını niyə soruşmurlar?” –