Banqladeşdə yanğın baş verən anbarda 34 nəfərin cəsədi tapılıb

Banqladeşin cənub-şərqində Çittaqonq regionunun Sitakunda şəhərindəki anbarda meydana gələn güclü yanğın və ardınca baş verən partlayış nəticəsində ölənlərin sayı 34-ə çatıb. Hələlik yalnız 5 meyitin kimə məxsus olduğu müəyyən edilib ki, onların da hamısı yanğınsöndürənlərdir.

Banqladeş mediası xəbər verir ki, bu barədə Çittaqonq rayonunun tibb idarəsinin rəisi Elyas Çoudhuri açıqlama verib. O, müxtəlif dərəcədə bədən xəsarəti almış xeyli sayda adamın xəstəxanalara yerləşdirildiyini deyib. Yaralananlar arasında 11 polis işçisi və 15 yanğınsöndürən də var. Hökumət ölənlərin ailələrinə və yaralananlara maddi yardım olunacağını açıqlayıb.

Qeyd edək ki, iyunun 4-də axşam saatlarında Banqladeş-Niderland ortaq şirkətinə məxsus 24 hektar sahəsi olan konteyner anbarında güclü yanğın, ardınca partlayış baş verib. Partlayışın səsi bir neçə kilometr məsafədə eşidilib. Yanğın partlayışdan sonra daha geniş əraziyə yayılıb. Təxminən 600 nəfərin çalışdığı anbardakı bəzi konteynerlərdə kimyəvi maddələrin olduğu, yanğının bu səbəbdən baş verdiyi güman edilir. Bu səbəbdən də yanğını nəzarət altına almaq bir neçə saat çəkib. Anbardakı kimyəvi maddələrin kanal vasitəsi ilə dənizə axmaması üçün təcili tədbirlər görülür. Anbardakı ixrac və idxal üçün saxlanılan konteynerin yandığı, məhsulların yararsız hala düşdüyü bildirilir.

Əvvəlki məqalə

Rusiya Ukraynanın itkilərini açıqlayıb

Sonrakı məqalə

“Bizimkilər anlamır ki, Zelenski danışığa getsə devriləcək” –