Azərbaycanın Baş Naziri Əli Əsədov vətəndaşlara müraciət edib.
APA-nın məlumatına görə, Ə. Əsədov bildirib ki, 2020-ci ilin əvvəlindən başlayaraq dünyada cərəyan edən və fevral ayından Azərbaycana da idxal olunan koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dövlət və hökumət tərəfindən ilk günlərdən təxirəsalınmaz və qətiyyətli tədbirlər görülüb və görülməkdədir: “Profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb.
Operativ Qərargah “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna uyğun olaraq martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan edib, kütləvi tədbirlər ləğv edilib, ölkəmizin quru sərhədləri bağlanılıb, şəhər və rayonlararası gediş-gəliş dayandırılıb. Xəstəliklə mübarizənin gücləndirilməsi məqsədilə xüsusi karantin rejimi mərhələli şəkildə sərtləşdirilib. Bu müddət ərzində epidemiyanın Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dövlət başçısının tapşırıqlarına uyğun olaraq bütün sahələr və istiqamətlər üzrə lazımi tədbirlər görülüb və görülməkdədir. Atılmış bütün addımların əsas məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır.
Görülmüş tədbirlər müsbət nəticələr verib və bu, statistik göstəricilərdə də öz əksini tapıb. Həkimlərin tövsiyələri və statistik göstəricilərə əsaslanaraq, aprelin 27-dən Operativ Qərargah mərhələli şəkildə yumşaldılma tədbirlərinə başlanılıb. Karantin dövrü ərzində istər həkimlərin, istər digər rəsmi şəxslərin müraciətlərində mütləq olaraq sanitariya-epidemioloji və gigiyenik qaydalara riayət edilməsi əsas tələb kimi qoyulub. Əhalimizin böyük hissəsi görülmüş işləri yüksək qiymətləndirərək həmrəylik göstərib və ilkin olaraq həmin tövsiyələrə və tələblərə riayət edib.
Lakin təəssüflə qeyd etməliyəm ki, son yumşaldılma tədbirləri zamanı vətəndaşlarımızın böyük bir hissəsi müəyyən olunmuş qaydalara və təcrid tövsiyələrinə riayət etmədi. Bunun nəticəsi olaraq son günlər infeksiyaya yoluxanların sayı kəskin artıb.
Bunlara əsaslanaraq və tibbi qərargahın müraciəti ilə Operativ Qərargah bu gün qərar qəbul edib.
Qərara əsasən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artım səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. Qərarda göstərilən tələblərə riayət olunması məcburidir və mütləqdir.
Xəstəliyin yoluxma halları digər şəhər və bölgələrdə artacağı hallarda sərt tədbirlər gələcəkdə o bölgələrdə də təkrarən tətbiq olunacaq.
Qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub. Sonda bir daha bildirmək istəyirəm ki, görülən bütün tədbirlərin ali məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır”.