“Başa düşmürdüm ki, Minsk Qrupunda həmsədr niyə Fransa olub” –Metyu Brayza

Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan öz xarici işlər nazirlərinə gələcək sülh sazişi üzərində işləmək və birgə sərhəd komissiyası çağırmaq barədə göstəriş verməyə razılaşıblar. Bu çox müsbət siqnaldır”. 

Azpost.info bildirir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza dövlət başçılarının Brüssel görüşünü Trend-ə şərh edərkən deyib.

“Düşünürəm ki, bu, hər iki liderin çoxdan atmaq istədiyi addımlardır, lakin Ermənistanda baş nazir Paşinyanın siyasi müxalifəti onlara mane olub. Yerevanda Ermənistanın vaxtilə qeyri-qanuni yolla zəbt etdiyi əraziləri Azərbaycandan hansısa yolla geri qaytara biləcəyinə və orta əsr dövləti modelində Türkiyə ərazisini də əhatə edəcək “Böyük Ermənistan” qurmasına hələ də yalan ümid bəsləyən insanlar tərəfindən Ermənistanın bu müsbət addımlarına qarşı etiraz aksiyaları keçirilib. Ancaq bütün bunlar sona çatıb. Azərbaycan və Ermənistanın sülh sazişi bağlamasının vaxtı çatıb. Birgə sərhəd komissiyasının çağırılması və Azərbaycanla Ermənistan arasında beynəlxalq sərhədin demarkasiyası da insan həyatını xilas edəcək. Bu, sülhə doğru çox mühüm potensial addımdır. Ümid edək ki, iş başlayacaq”.

M.Brayza Cənubi Qafqazda sabitliyin təmin edilməsində Avropa İttifaqının mühüm rolunu qeyd edib:

“Mən uzun illər hələ ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri olarkən Aİ-nin Qarabağ münaqişəsində vasitəçi rolunu oynamasını vacib hesab edirdim. Mən başa düşmürdüm ki, niyə Minsk Qrupunun həmsədri bütün Aİ deyil, Fransa olub. Bəli, Fransa mühüm ölkədir, lakin bütövlükdə Aİ supergücdür, Fransa isə deyil. Hesab edirəm ki, Aİ indi sabitlik və davamlı sülhün əsaslarının qoyulmasında oynaya biləcəyi mühüm rolu nümayiş etdirir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə kömək etməkdə böyük maraq göstərib. Aİ etimadın möhkəmləndirilməsi tədbirləri və humanitar minatəmizləmə işlərində kömək edə bilər və sərmayələrə zəmanət verməklə nəqliyyat əlaqələrini dəstəkləyə bilər. Lakin Aİ-nin gördüyü əsas şey Azərbaycan və Ermənistan liderlərinə sülh sazişinin bu mühüm məsələlərini və Azərbaycan və Ermənistanın beynəlxalq sərhədlərinin demarkasiyası məsələlərini müzakirə etmək üçün platformalar təqdim etməkdir”.

Əvvəlki məqalə

“Barselona” son dəqiqədə qələbə qazanıb

Sonrakı məqalə

Elizabet koronavirusa yoluxduğu zamanı səhhətindən danışıb