ABŞ liderləri özəl təmaslarda İsrailə bildiriblər ki, onlar Livanın şiə hərəkatı “Hizbullah”a hərbi təzyiqi artırmaq qərarını dəstəkləyəcəklər.
Azpost.info xəbər verir ki, bu barədə İsrail və ABŞ rəsmiləri arasındakı mənbələrə istinadən “Politico” yazıb.
Mənbələrin məlumatına görə, ABŞ-ın xüsusi elçisi Eymos Hokstin və Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk məlum hadisələrdən bir neçə həftə əvvəl yüksək səviyyəli İsrail rəsmilərinə ABŞ-ın İsrailin baş naziri Benyamin Netanyahunun strategiyası ilə razılaşdığını bildirib.
Bu strategiya “Hizbullah”ı danışıqlara məcbur etmək üçün yəhudi dövlətinin hərbi əməliyyatlarının episentrinin şimala dəyişməsini nəzərdə tutur.
Bundan başqa, sentyabrın ortalarında İsrail tərəfi ilə söhbətlərində Hokstin və Makqurk son aylarda şiə hərəkatının zəifləməsini nəzərə alaraq əməliyyatın vaxtını əlverişli adlandırıblar.
“Politico” yazır ki, ABŞ administrasiyasında İsrailin hərəkətlərinə dəstək verməklə bağlı yekdil fikir yox idi. İsrailin Livanda əməliyyat qərarı Vaşinqtonu Yaxın Şərq münaqişəsinə cəlb etməkdən çəkinən Pentaqon, Dövlət Departamenti və ABŞ kəşfiyyatının bəzi rəsmilərinin müqavimətinə səbəb oldu.
Nəşrin mənbələri onu da qeyd edir ki, ABŞ tərəfi İsrail əməliyyatının təfərrüatları ilə tanış olmayıb və yəhudi dövlətini münaqişəni genişmiqyaslı regional müharibəyə çevirmək təhlükəsi yaradan böyük eskalasiyadan çəkinməyə çağırıb.
Azpost.info