Beynəlxalq səyyahlar Cıdır düzündə- FOTO

Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun 30 nəfərlik heyətinin Şuşa şəhərinə səfəri baş çatıb.

Səyyahlar Şuşa qala divarlarını ziyarət ediblər.

Burada onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib.

Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Qonaqlar, Şuşada Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Şuşa qalasının Gəncə qapısı və Cıdır düzündə olublar. Bununla da səyyahların Şuşa səfəri başa çatıb. Onlar Ağdama yola düşüblər.

Qeyd edək ki, Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun 30 nəfərlik geniş heyətinin bu gündən Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Qrupa “Vagaclub”un rəhbəri, 35 yaşlı norveçli gənc dünya səyyahı Jorn Augestad başçılıq edir. Bu dəfə heyətdə gənclər üstünlük təşkil edir, onların, demək olar ki, hamısı 150-dən çox ölkədə səfərdə olub.

Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır.

Xatırladaq ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin – ETIC, MTP, TCC, NomadMania, o cümlədən, bu klubların müxtəlif üzvlərinin birləşdiyi Türkiyənin Gəzginlər Klubunun, Britaniyanın “Piki Reels”, İsveçin “Club 100” heyətlərinin ötən 4 ildə 9 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə, 4-ü isə 2023-cü ildə baş tutub. Norveçin dünya şöhrətli “Vagaclub”unun səfəri bu qəbildən olan sayca 10-cu səfərdir.

Ümumilikdə bu 10 səfərdə 46 ölkədən 360-dan çox beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəziyyətlə yerində tanış olmaq imkanı qazanıb. Onlar vasitəsilə dünyada milyonlarla insan Qarabağdakı real vəziyyət barədə ətraflı məlumat alıb(trend).

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib