Binəli Yıldırım Şəhidlər Xiyabanını və mərhum prezident Heydər Əliyevin məzarını ziyarət edib –FOTOLAR

Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının keçmiş Baş Naziri Binəli Yıldırım noyabrın 3-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül qoyub.

AZƏRTAC xəbər verir ki, sonra Şəhidlər xiyabanına gələn qonaq ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, onların məzarlarının üzərinə və “Əbədi məşəl” abidəsinin önünə gül düzüb.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Binəli Yıldırıma Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Türkiyənin keçmiş Baş Naziri, həmçinin Şəhidlər xiyabanında qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə tər çiçəklər qoyub.

Binəli Yıldırım xatirə kitabına ürək sözlərini yazıb.

“Bu gün Azərbaycana səfərimizi şəhidlərin məzarlarını ziyarət edərək yekunlaşdırırıq. Dünən görüşlərimiz oldu. Azərbaycan Prezidenti İlham Əliyev bizi qəbul etdi. Həmçinin Milli Məclisin Sədri, Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi ilə görüşdüm. Müxtəlif məsələləri müzakirə etdik. Məqsədimiz torpaqlarını işğaldan azad edən Azərbaycana dəstək olmaqdır. Eyni zamanda, azərbaycanlı qardaşlarımızla Türkiyə xalqının həmrəyliyini bir daha nümayiş etdirməkdir” deyə jurnalistlərə müsahibəsində Türkiyə Respublikasının keçmiş Baş Naziri Binəli Yıldırım deyib.

Binəli Yıldırım qeyd edib ki, ulu öndər Heydər Əliyevin dediyi kimi, biz “bir millət, iki dövlətik”. Azərbaycanın dostu bizim dostumuz, düşməni də bizim düşmənimizdir. Bundan sonra da daim belə olacaq. Qarabağ Azərbaycanındır, Türkiyə hər zaman Azərbaycanın yanındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Fəhlə Bayden milyarder Trampa qarşı –

Sonrakı məqalə

Fransada vandallar məscidə kəsilmiş donuz başı atıblar –