“Bir əlində xaç, bir əlində avtomat müharibə təbliğatı aparmaq din xadiminə yaraşmaz” –ŞEYXÜLİSLAM

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qrossu qəbul edib.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, QMİ sədri A. Paşazadə Azərbaycanda müxtəlif din nümayəndələrinin dostluq, qardaşlıq, qarşılıqlı anlaşma mühitində yaşamalarını böyük nemət kimi dəyərləndirdiyini və ölkəmizin xristian dünyası ilə əlaqələrinin dərinləşməsini müsbət hal kimi qeyd edib. A.Paşazadə Azərbaycanda dinlər və məzhəblər arasında mövcud yüksək səviyyəsinin təmini və davamlılığında dövlət siyasətinin, şəxsən ölkə rəhbərinin səy və fəaliyyətinin böyük rolu olduğunu vurğulayıb. O, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdən sonrakı müddətdə Azərbaycanla  Fransa arasında münasibətlərdə müsbət meyllərdən məmnunluğunu qeyd edib. QMİ sədri bildirib ki, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz torpaqlarını işğaldan azad etmək uğrunda ədalətli mübarizəsinin bəzi dairələr tərəfindən dünyaya qərəzli şəkildə xristianlarla qarşıdurma kimi təqdim edilməsi iftiradan başqa bir şey deyil.

QMİ sədri bu təbliğatın daha çox Erməni Apostol kilsəsi tərəfindən aparıldığına təəssüf etdiyini deyib. A. Paşazadə birmənalı şəkildə vurğulayıb  ki, bir əlində xaç, bir əlində avtomat işğalçı müharibə təbliğatı aparmaq din xadimlərinə yaraşmaz. Erməni dini liderləri ilə 1988-ci ildən başlayaraq dəfələrlə şəxsən görüşdüyünü qeyd edən A. Paşazadə Ümumdünya Kilsələr Şurası, Rus Pravoslav Kilsəsi, Gürcü Pravoslav Kilsəsinin vasitəçiliyi ilə baş tutmuş görüşlərin nəticəsi olaraq imzaladıqları birgə bəyannamələrdə münaqişənin dini səciyyə daşımadığının təsbit olunduğunu diqqətə çatdırıb: “Bu baxımdan, erməni kilsəsinin bu gün ermənilərin xristian olduqlarına görə sıxışdırılmaları barədə yalanlar yayması, işğal etdikləri ərazidən çıxarılmalarını guya öz ərazilərindən qovulmaları kimi təbliğ etmələri saxtakarlıq və dünya ictimaiyyətini aldatmaqdır. Beynəlxalq hüquqa zidd işğal və təcavüzlərini, törətdikləri terror və vandalizm hallarını ört-basdır etməyə çalışan erməni kilsəsi ümumxristian həmrəyliyinə nail olmaq, din qardaşlarının dəstək və yardımından sui-istifadə etmək niyyəti ilə Azərbaycanda guya xristian dini abidələrinə təhlükə mövcud olduğunu iddia edir. Əslində isə ermənilər Azərbaycanın işğal altında 30 ilə yaxın işğalda saxladığı ərazilərində minlərlə müsəlman məscid, ziyarətgah və qəbiristanlıqlarını, xristian, qədim alban, yəhudi məbədlərini dağıdıblar”.

QMİ sədri bölgədə sülh naminə erməni kilsəsinin qarşılıqlı anlaşma, dinc yanaşı yaşama prinsiplərini təbliğ etməli olduqlarını fransalı səfirin diqqətinə çatdırıb. Xüsusi vurğulayıb ki, xalqlar arasında davamlı sülh üçün erməni kilsəsi nifrət çağırışlarından birmənalı şəkildə imtina etməlidir.

Şeyxülislam A. Paşazadə yada salıb ki, MDB Dinlərarası Şurasının həmsədri kimi Katolikos II Qaregini II Bakı Sammitində iştirak üçün Azərbaycana dəvət etmişdi və erməni dini lideri Bakıda şəhərin ən mərkəzi yerində bərpa olunaraq abad şəkildə qorunan erməni kilsəsini şəxsən ziyarət edib, burada ölkəmizdə yaşayan erməni əsilli vətəndaşlarımızla görüş keçirmiş, erməni dilində kitabların qorunub saxlanıldığı kitabxana ilə tanış olmuşdu. Buradakı təəssüratlarından heyranlığını gizlətməyən dini liderin indi azərbaycanlıları qeyri-tolerantlıqda qınamağı yersizdir. Monoetnik Ermənistandan fərqli olaraq multikultural Azərbaycanda müxtəlif millət və dinlərin nümayəndələri mehribanlıq, qarşılıqlı ehtiram və anlaşma şəraitində əsrlərlə dinc yanaşı yaşayırlar. Azərbaycanın dövlət rəhbərinin siyasi iradəsi bundan ibarətdir ki, erməni vətəndaşlarımız da bizimlə birlikdə əmin-amanlıqda yaşaya bilərlər.

Öz növbəsində, fransalı səfir Azərbaycanda mövcud dinlərarası səmimi münasibətlərin, məzhəblərarası qarşılıqlı ehtiram mühitinin təkcə Qafqaz bölgəsi üçün deyil, Avropa məkanı, o cümlədən, Fransa üçün böyük maraq və əhəmiyyət kəsb etdiyini vurğulayıb. Azərbaycanın dinlərarası harmoniya modelinin Fransada təşviqi baxımından postpandemiya dövründə bu mövzuda tədbirlərin vacibliyinə diqqəti çəkən Z. Qross səfirlikləri tərəfindən bu işə hərtərəfli təşkilati dəstək verəcəklərini vurğulayıb. A.Paşazadə rəhbərlik etdiyi QMİ nəzdində Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Mərkəz xətti ilə bu günədək həyata keçirdikləri təşəbbüs və tədbirlər barədə səfir Z. Qrossa ətraflı məlumat verib və yaxın gələcəkdə Fransa ilə də dini-mənəvi əlaqələr müstəvisində münasibətlərin yüksək səviyyəsi üçün səy göstərəcəklərini, dinlərarası əməkdaşlıq yönündə əməli fəaliyyətdən məmnun olacaqlarını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ANAMA sentyabrın 27-dən indiyədək nə qədər mina aşkarladığını açıqlayıb

Sonrakı məqalə

“Prezidentin Azərbaycan ərazilərinə səfərləri Ermənistan XİN-in şərh mövzusu ola bilməz” –