“Bir gündə 2600-2700 çağırışa gedirik”- BAŞ HƏKİMİN MÜAVİNİ ƏHALİYƏ ÇAĞIRIŞ ETDİ

Son günlər ölkəmizdə COVİD-19 infeksiyasına yoluxanların sayında artım müşahidə edilir. Hər gün koronavirusa yoluxanların sayının 300 nəfərdən artıq olması mütəxəssisləri həyəcan təbili çalmağa vadar edib.

APA TV-nin xəbərinə görə, Bakı şəhər Təcili və Təxirəsalnmaz Tibbi Yardım Stansiyasının təcili yardım operativ və əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva deyir ki, həftə sonları hərəkət məhdudiyyətlərinin tətbiq edilməsi ilə əlaqədar təcili tibbi yardım gücləndirilmiş iş rejimində çalışır: “Əvvəlki günlərlə müqayisədə təcili tibbi yardıma edilən müraciətlərin sayı artıb. Əvvəlki günlərdə biz gün ərzində 1 600-dək çağırış icra edirdiksə, sonuncu günün statistikasına nəzər saldıqda görürük ki, çağırışların sayı artıq 2 600, 2 700-ə çatıb. Bu çağırışların əksəriyyəti hərarətlə müşahidə edilir. Bununla yanaşı, qəza və ya hər hansı xroniki xəstəliyi olan şəxslərində çağırışlarını gün ərzində qəbul edirik”.

Həkim deyir ki, əvvəlki dövrlərdə vətəndaşlar əgər hərarətlə bağlı təcili tibbi yardıma müraciət edilmədən, evdə müxtəlif dərman vasitələrindən istifadə edilməklə müalicə olunurdularsa, son günlər hərarətin qalxması onlarda təşviş yaradır. Bu səbəbdən həmin an təcili tibbi yardıma zəng edirlər. Bu da çağırışların artması və həkim briqadalarının ünvanlara gec getməsinə səbəb olur: “Çağırışlarda yubanmalar əsasən həftə sonları müşahidə edilir. Bu da təcili tibbi yardımın yükünün artması ilə nəticələnir. Bununla yanaşı, həftə sonları əhalinin hərəkət məhdudiyyəti var. Əgər adi günlərdə onlar yerli xəstəxanalara və ya poliklinikalara müraciət edirdisə, hazırda həftə sonları onların bu imkanı məhduddur. Buna görə təcili tibbi yardıma müraciət etməli olurlar. Əhaliyə müraciət edərdim ki, adi çağırışlarla təcili tibbi yardıma müraciət etməsələr o zaman biz də təcili çağırışlara vaxtında çata bilərdik”.

Həkimin sözlərinə görə, həftənin adi günlərində təcili tibbi yardım xətdə 139 briqadanın fəaliyyətini təmin edirdisə, şənbə və bazar günlərində çağırışların artmasını nəzərə alaraq xəttə 170 briqada çıxarılır.

APA TV çəkiliş apararkən növbəti həkim briqadası çağırışa tələsirdi. Budur, yüksək hərarəti olan vətəndaşdan koronavirusa qarşı analiz nümunələri götürən həkim briqadası qapıda görünür.

Həkim Ramiz Cəfərov deyir ki, artıq bir neçə gündür burda yaşayan vətəndaşda yüksək hərarət, dad, iybilmə qismən itib: “Həmin şəxsdən test nümunələri götürülüb. Hələ ki, vətəndaşda ağırlaşma halları, nəfəs darlığı müşahidə edilməyib. Əgər nəticə pozitiv çıxarsa, o zaman həmin şəxsin ümumi vəziyyətindən asılı olaraq ya evdə, ya da xəstəxana şəraitində müalicə olunacaq”.

Qeyd edək ki, Bakı şəhər Təcili və Təxirəsalnmaz Tibbi Yardım Stansiyasının Bakı şəhəri üzrə 21 tibbi bölməsi var ki, hər bir bölmə xüsusi geyim, tibbi avadanlıqlar və testlərlə təmin edilib.

Baş həkimin müavini Nuridə Fərzəliyevanın sözlərinə görə, onları ən çox narahat edən isə zamanında çağırış məkanına çata bilməmələridir: “Bir həkim kimi əhaliyə müraciət edirəm ki, sürücülə yollarda təcili tibbi yardım avtomobillərinə yol versinlər. İlk növbədə düşünsünlər ki, hər bir çağırışa gedən həkim o insanların yaxınlarının da ünvanına gedə bilər. Təcili yardım ünvana nə qədər tez çatsa, o zaman həmin insanın həyatını xilas etmək daha rahat olar”.

https://www.youtube.com/watch?v=pQJNK8Tnfpo&feature=emb_logo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mübariz Aslanov AzTV-nin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib

Sonrakı məqalə

Rusiyada koronavirusa yoluxanların sayı 550 mini ötdü