Bir ovuc torpaq da beləcə artdı… –

Etibar Cəbrayıloğlu yazır
10 May 2021 - 11:07

Dəyərli ziyalımız, istedadlı kinossenarist, əziz dostum Eldəniz Quliyevin zəngindən sonra artıq xəyalımda səhərki səfərimizin planlarını qururdum. Tezdən İsmayıllının Buynuz kəndinə – görkəmli şairimiz Musa Yaqubun 65 illiyi ilə bağlı qurulan məclisə getməli idik. Gecə yuxuya gedən kimi Şamaxıdakı Pirsaat piri yuxuma girdi. Qəribədir ki, həmin günə qədər Pirsaat pirini cəmi bircə dəfə ziyarət etmişdim.

Səhər tezdən Eldəniz bəyin avtomobilində yola çıxdıq, Musa Yaqubun yaddaşımızdakı şeirlərini növbə ilə səsləndirib Buynuza çatdıq. Şairin həmişə qonaq-qaralı həyəti yenə qələbəlik idi. Musa Yaqubun işığına kimlər toplaşmamışdı? Seyran Səxavət, Sabir Rüstəmxanlı, akademik Hətəm Quliyev, professor Xalid Əlimirzəyev, AMİP sədri Etibar Məmmədov, tanınmış hüquqşünas Ədalət Məmmədov, qədim Şirvan elinin sayılıb-seçilən sənətkarı, Aşıq Mahmud Ələsgəroğlu… Xalid Əlimirzəyevin kürəkəni Maarif Abbasov… Dostumuz İltifat Rəhimzadə şairi təbrik etmək üçün Lənkərandan özünü Buynuza yetirmişdi.

Aradan nə az, nə azacıq düz 20 il ötüb. Həmin gün Musa Yaqubun ocağına yığışanların bəzilərinin adını təbii ki, unutmuşam və buna görə onlaran üzr istəməyə hazıram. Lakin şairin evindəki məclisin enerjisi hələ də yaddaşımda qalıb. Musa Yaqub şeirlərini şairin öz dilindən eşidirdik, arada oğlu Şəhriyar atasının köməyinə gəlirdi. Seyran Səxavət nəlbəkini qaval kimi tutub muğam oxuyurdu. Meydanlarda, Milli Məclisdə, rəsmi tədbirdlərdə görməyə alışdığımız Sabir Rüstəmxanlını tam fərqli bir ovqatda müşahidə edirdik. Üz-gözündən, səsindən nur yağan Aşıq Mahmud Ələsgəroğlunun bir-birindən gözəl ifalarına qulaq asırdıq. Ələ düşməyəcək, bir də təkrarlanmayacaq gözəl bir gün yaşayırdıq.

Məclisin ağsaqqalı professor Xalid Əlimirzəyev masa ətrafındakı ən gənc kimi mənə söz verəndə gecə yuxuda Pirsaat pirini gördüyümü xatırlatdım və bu röyada bir mistik bağlılıq olduğunu vurğulayaraq Musa Yaqubun doğum günündə şairin ocağına gələnlərə “Dostlar, ziyarətiniz qəbul olunsun”,- dedim.

Ad günündə Musa Yaqub təkcə öz səxavətli süfrəsi ilə bizi təəccübləndirmədi, evinin balkonundan dağa saldığı körpü ilə, evinə bitişik olan meşə ilə, qara daşla, dağdağan ağacı ilə bizi tanış elədi. Seyran Səxavət Buynuz meşəsində də orjinalığından qalmadı və dedi ki, Musa Yaqub bizi qara daşla yox, sanki doğma qardaşı ilə görüşdürür.

Ötən bu illər ərzində Musa Yaqubla Buynuzda, Bakıdakı mənzilində, Soçidə dost-tanış məclisində dəfələrlə görüşmüşəm. Hətta nəhəng söz ustadı ilə Soçidə diaspora ilə bağlı keçirilən tədbirdə yol yoldaşı olmuşam. İndi bəlkə də çoxları xatırlamır, şair bir zamanlar Söz Azadlığı Fonduna rəhbərlik edib. Təşkilat yeni qurulanda Musa müəllimin dəvəti ilə mən də bu işə cəlb olunmuşdum. Hətta qurumun Ə. Topçubaşov küçəsindəki ofisində bir neçə həftə işə də çıxmışdım. Amma sonra qəzetçilik sevdam QHT sektoruna keçmək istəyimi növbəti dəfə üstələdiyindən Musa müəllimin müdirliyi altında çalışmaq alınmadı. Həmin vəzifəyə Məmməd Nazimoğlu təyin olundu və rəhmətlik Məmməd bəy istedadlı bir insan kimi Söz Azadlığı Fondunda maraqlı layihələr həyata keçirdi.

Xəyalən yenə Buynuzda Musa Yaqubun ad gününə yığışdığımız həmin unudulmaz günə qayıdıram. Sanki dünən olmuş kimi görünsə də aradan xeyli vaxt ötüb. Xalid Əlimirzəyev, kürəkəni Maarif, Aşıq Mahmud Ələsgəroğlu dünyadan köçüblər. Bizi Buynuzda ovsunlayan Musa Yaqub özü də bir neçə gün öncə sətrlərini, misralarını, poeziyasını oxucularına əmanət edib haqqa qovuşdu.

Bəlkə də borcundan çıxmadım Vətən,
Ömür bahar deyil, bir də qayıtsın.
Ölsəm də, qoynunda qoy ölüm ki, mən,
Çürüyüm, bir ovuc torpağın artsın.

Bu gün mayın 10-u nəhəng söz ustadının doğum günüdür. İlk dəfədir ki, şairin ad günü onsuz keçir. Amma Musa Yaqub da dünyanın bütün istedadlı qələm adamarı, fikir bahadırları kimi diridir və diri qalacaq. Aşıq Abbas Tufarqanlı, Molla Pənah Vaqif, Aşıq Ələsgər, Səməd Vurğun, Məmməd Araz, Hüseyn Arif, Zəlimxan Yaqub kimi tərtəmiz Azərbaycan dilində yazan, dilimizin şirinliyini, bütün incəliklərini yaradıcılığına gətirməyi bacaran Musa Yaqub dünyada sonuncu Azərbaycanlı yaşayana qədər ömrünü davam etdirəcək.

Orda bulanıq su hopur torpağa,
Burda üzə çıxır, dönür bulağa.
Hələ ki, vaxtımız var durulmağa,
Bir sabah sənindir, bir sabah mənim…

Neçə belə sabahlarda görüşənədək, nəhəng söz ustadı!

Etibar Cəbrayıloğlu