“Bir sıra dövlət şirkətinin fəaliyyəti günün tələblərinə uyğun deyil” –

Mikayıl Cabbarov
12 Fevral 2021 - 12:12

“Bir sıra dövlət şirkətinin fəaliyyəti günün tələblərinə uyğun deyil. Bir sıra hallarda isə idarəetmənin effektivliyinin aşağı olması müşahidə edilir. Bu şirkətlərin xərclərinin, tender prosedurlarının şəffaflığı tam təmin edilməyib”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Postpandemiya dövründə vergi sistemi” konfransında bildirib.

Nazirin sözlərinə görə, bəzi şirkətlər büdcə gəlirlərinin formalaşmasında mühüm rol oynamalı olduqları halda, zərərlə işləyirlər: “Bu sahədə artıq ciddi islahatlar həyata keçirilir. Dövlət şirkətlərinin effektivliyinin artırılması və onların ciddi bazar dəyərinə çatdırılmasına nail olunmalıdır. Dövlət şirkətlərinin borclanmlarına nəzarətin gücləndirilməsi, dövlət büdcəsinə divident ödənişlərinin artırılması hədəf kimi qarşımızda durur və 2020-ci ildə yaradılmış Azərbaycan İnvestisiya Holdinqi hazırda bu istiqamətdə çalışır”. (Modern.az)