Birinci Qarabağ müharibəsinin şəhidi Ədalət Abbasov Gəncədə dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 32 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Abbasov Ədalət Vilayət oğlunun meyitinin qalıqları Daşkəsən rayonuna gətirilib.

Daşkəsən rayonunun Xoşbulaq kəndində şəhidin ailəsinin yaşadığı evdə vida mərasimi keçirilib, cənazə namazı qılınıb, dualar oxunub.

Vida mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhid ailələri, müharibə veteranları və əlilləri, rayon sakinləri iştirak ediblər.

Daha sonra şəhidin qalıqları Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, şəhid Abbasov Ədalət Vilayət oğlu 25 may 1970-ci ildə Daşkəsən rayonunun Qabaqtəpə kəndində anadan olub. 1992-ci ildə könüllü olaraq Qarabağda gedən döyüşlərə qatılıb. 15 noyabr 1992-ci ildə Ağdərə rayonunun Çıldıran kəndində gedən döyüşlərdə xidməti borcunu yerinə yetirərkən itkin düşüb.

Onun Tərtərdəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib. (APA)

 

Əvvəlki məqalə

Beyləqanın icra başçısı vəzifəsindən azad edilib

Sonrakı məqalə

Ermənistan əsgəri Azərbaycanla sərhəddə minaya düşüb