“Rusiya Ermənistan və Azərbaycanla münasibətlərdə monopoliya iddiasında deyil. Bizi bu ölkələr və xalqlarla sıx dostluq və bütün sahələrdə geniş miqyaslı tərəfdaşlıq bağlayır”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi 2020-ci il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının imzalanmasının ildönümü ilə bağlı yaydığı açıqlamada deyilir.
Qeyd olunur ki, Moskvanın təşəbbüsü ilə irəli sürülən bütün üçtərəfli sənədlər və mexanizmlər tərəflərin üzərinə qoyulmayıb, onlar Bakı və İrəvanın suverenliyinə və maraqlarına son dərəcədə hörmətli münasibəti nəzərdə tutan yoxlanılmış maraqlar balansına əsaslanıb: “Biz bir sıra təşəbbüslərimizi razılaşdıra bilmədik. Bu, normaldır. Amma artıq təsdiqlənmiş razılaşma, necə deyərlər, əzab-əziyyətlə əldə olunub və praktikada effektiv şəkildə həyata keçirilir”, – məlumatda deyilir.
Bəyanatda deyilir ki, Rusiya Azərbaycanla və Ermənistan sərhədinin demarkasiyasına dair danışıqların başlaması üçün kömək edə bilər.
“10 noyabr bəyanatında çox vacib müddəa – regionda bütün iqtisadi və nəqliyyat blokadalarının açılması yer alıb. Hesab edirik ki, Azərbaycan-Ermənistan sərhədlərinin sonrakı demarkasiyası üçün delimitasiyasının aparılması problemin uzunmüddətli həllinə kömək edə bilər. Rusiya istənilən konsultativ hərəkətə, lazımi kartoqrafiya materiallarını verməyə və özünün zəngin demarkasiya təcrübəsini bölüşməyə hazırdır”-deyə Bəyanatda vurğulanır.
Nazirlik daha sonra qeyd edir ki, Rusiya sərhədçiləri insidentlərin aradan qaldırılması üçün sərhədin ən problemli hissələrində xidmət aparırlar. Rusiya, Azərbaycan və Ermənistanın sərhəd qurumlarının əlaqələndirici şəxslərinin fasiləsiz informasiya mübadiləsi təmin edilib. Üçtərəfli qrupun fəaliyyəti də Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması üçün əsas elementlərdən biridir.
Sənəddə qeyd edilir ki, Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə keçirilmiş üçtərəfli işçi qrupun 8 iclasının nəticələrinə görə hesabat təqdim edilib.
Hesabatda Azərbaycanla Ermənistan arasında avtomobil və dəmir yollarının açılması məsələsinə toxunulur. Bildirilir ki, qonşu ölkələrin nəqliyyat kommunikasiyalarına çıxışın əldə edilməsi regionun tranzit cəlbediciliyini artırır, əlavə sərmayə qoyuluşuna şərait yaradır.