Azpost.info Facemark.az-a istinadən biznes ekspert Səbuhi Rüstəmovun yazısını təqdim edir:
Əziz oxucular, dostlar!
Bildiyiniz kimi hal-hazırda dünyada qlobal məsələyə çevrilmiş pandemiya mövcuddur və demək olar hər yeri öz ağuşuna alıb. Yazılarımda biznes yönümlü olduğu üçün məsələyə biznes aspektindən yanaşıb, iki mərhələyə böləcəyəm. Elə ki, birinci mərhələ yeni biznesə başlamaq istəyənlər və biznesi olub yeni addımlar atmaq istəyənlər üçündür.
Başlayaq!
Birinci mərhələ
Öncə sevdiyiniz bir sahəni seçin, daha sonra hədəfləri mərhələ-mərhələ təyin edin. Sual yarana bilər ki, bazarda sevdiyim sahədə xeyli sayda şirkətlər fəaliyyət göstərir və mən rəqabətə necə tab gətirə bilərəm.
Qorxmayın! Pul heç vaxt az deyil. Uğur da heç vaxt az deyil! Pul qazanmaq da asandır. Başlamaq üçün mükəmməl olmağa deyil, mükəmməl olmaq üçün başlamağa ehtiyac var. Dünya ilk addımını atmaq istəyən insanlarla doludur. Edə bilərəm deyən anda 100 milyard sinir hüceyrəsi sənin üçün hədəfə fokuslanmağa başlayır.
Minimal imkanlarla nə edə biləcəyinizə baxın. Sualın üzərində çalışın. Planınıza uyğun olaraq xaricə ixrac yönümlü olun və o istiqamətə doğru ilk gündən fokuslanın. Görəcəyiniz işin mahiyyət və fəlsəfəsin dərindən anlayın.
Bütün nüansları (bazar araşdırması daxil) dolğun məlumatları ümumi analiz etmək, çox dərinə getməməklə, 1 illik xərcləri öncədən hesablayıb yatırıma daxil edib, başlamaq! Yəni, yüz ölç, bir biç.
Həm seçəcəyiniz məhsul/xidməti, həm də satış strategiyalarını öncədən planlayın. Unutmayaq ki, bazara daxil olanda nəyi sevdiyiniz haqda yox, müştərinin nəyi sevdiyi haqda düşünün. Müştərinin istək və zövqlərini əvvəlcədən müəyyənləşdirən olun.
Hər müştəriyə hər məhsulu satmaq istəyən şirkətlər reallıqda heç bir müştəriyə heç nəyi keyfiyyətli təqdim etməzlər. Nəticədə heç bir nəsnədən məmnun qalmayan müştərilər formalaşdırırlar. Ona görə də Strategiya sizə təkcə nələri etməli olduğunuzu göstərməz, eyni zamanda nələri də etməməli olduğunuzu göstərir.
Bir Yapon atalar sözündə belə deyilir: “Əvvəlcə müştəri yarat, ondan sonra isə məhsulu”. Digər proseslər isə ondan sonra başlamalıdır.
Qazanmaq istəyirsizsə daha çox analiz edin, texnoloji inkişafı izləməklə qalmayıb proseslərə tətbiq edin. Bir misal göstərməyimi istəsəniz: Aşağıdakı texnologiyaların yüz milyon istifadəçini əhatə etmə müddətləri.
Mənbə:BCG.2015
Instagram 2 il, 4 ay 2010
Whatsapp 3 il, 4 ay 2009
Apple App Store 2 il, 2 ay 2008
Facebook 4 il, 6 ay 2004
Statistika biznes qurarkən də biznesi idarə edərkən də çox əhəmiyyətlidir. Xüsusən də texnologiya sahəsində inkişaf o qədər sürətli gedir ki, təxmin etmək də belə çətinlik çəkirsən. İnformasiya mübadiləsinin çevik və daha çox istifadəçiyə çatdırılması hər keçən gün sürətlənir.
Dünyada ən məşhur brendlərə baxsaq görərik ki, onlar da işə başlayarkən ən məşhur brend olmağı hədəfləyib başlamazlar. İşə böyük və qazanclı bir məhsul və ya xidmət təklif etmək və bunu davamlı təkmilləşdirəcək sistemi formalaşdırmaq məqsədilə başlayırlar.
Quracağınız biznesə hər zaman dürüstlük və şəffaflıq əlavə edin. Bunu bir tərəfdən ona görə deyirəm ki, lokal bazar müştərilərinə baxsaq bizim xalqın təməl emosiyası hirslə əlaqəlidir. Ətrafımıza diqqət yetirsək “hirs emosiyası”nı rahatlıqla görə bilərik.
Bunu daha çox sosial problemlərlə əlaqələndirirlər. Xeyr, bu Sovet dövründə də belə olub. Gəlin razılaşaq ki, heç bir müştəri aldanmaq istəməz. Bunlar olduğu halda müvəffəqiyyət axtarmayın, o özü gələcək.
Xoşbəxtlik də müvəffəqiyyət kimidir. Onu axtarmaq lazım deyil. Hər hansısa müvəffəqiyyət sirri yoxdur. Sadəcə müştəriyə fokuslanın və həll yolu təklif edin. İnsan faktoru böyük rol oynayır. Odur ki, dayanmayın, başlayın!
İkinci mərhələ
Bu çağırışdan istifadə edib şəxsi inkişafına, biznesinin təkmilləşməsinə çox ciddi vaxt ayıran və buna özlərini həsr edib, ReStart-da ciddi yeniliklərlə gələcəklər. Sahibkarlar üçün ağır dövrdür. Ən ağır dövrdə sahibkarlar keçirəcək.
Lakin, digər tərəfdən sərmayə üçün ən uğurlu vaxtdır. Dünyada avadanlıq və digər resurs qiymətləri düşəcək. Ümumiyyətlə 2020 qurub yaratmaq ili olacaq. Xarici faktorlara, bizdən asılı olmayan səbəblərə fokuslanmayın. Korrekt davranıb sağlamlığa diqqət artırmaq, məsuliyyətli olmaq yetərlidir. Bildiyiniz kimi müasir virtuallaşdırma dövrüdür. Funksiyaları artırıb işi böyütmək önəmli bir təcrübə və dəqiqlik tələb edir.
Belə olduqda, həm də heç bir iş digərinə mane olmur. Bir çox məlumatı zamanında təmin etməklə istifadə rahatlığını təmin etmək mümkündür. Gələcəyin biznesi bunu tələb edir: Müştəri zövq və ehtiyaclarını əvvəlcədən bilib onu təqdim etməyi.
Uzaq görənlik, yeniliklərə açıqlıq və innovativ düşünmə qabiliyyəti böyük plusdur. Onuda unutmaq lazım deyil ki, əgər bir rəhbər (CEO) işin istiqamətlərini digər xətti rəhbərlərdən daha yaxşı və detallı bilirsə əmin olun ki, o şirkət çox uzun ömürlü ola bilməyəcək.
İşkolik olmayın! İşkolik insanlar davamlı işləyirlər, amma müəyyən müddətdən sonra bu xasiyyət onlara zərər verir. Son zamanlarda əksər şirkətlər müştəri tələblərinə cavab verəcək məhsul və ya xidmət rəqabətində rəqiblərindən geridə qalma səbəblərini düzgün müəyyən etməkdə çətinlik çəkməkdədir.
Bunun başlıca səbəblərindən biri gələcək hədəflərinə baxışı ilə izlədikləri strategiya arasında təzadın olmasıdır. Şirkətlərin rəqabət üstünlüyü əldə etmələri üçün stratejik planlarını müəyyən etmələri lazım gəlir. Bunun üçün balanslaşdırılmış göstərici sistemlərindən faydalanmaq olar.
Əgər sistemlərdən necə faydalanmağı bilmirsizsə o zaman “Balanced Scorecard” təlimini məsləhət görürəm. Xüsusilə şirkət daxili proseslərdəki çatışmazlıqların, müştərilərlə əlaqələrindəki çatışmazlıqların, maliyyə və insan resurslarının mövcud vəziyyəti və inkişafı üçün lazımi kapitalın müəyyən edilməsi üçün bu metodun faydalı olacağına inanıram.
İstər iş yerinizdə olsun, istər öz biznesinizin idarə olunmasında olsun fərq etməz, ilk edilməli olan iş ölçməkdir. Ölçdükdən sonra mövcud vəziyyəti, hədəflə mövcud vəziyyət arasındakı məsafəni və nə etməli olduğunu bilirik. Ölçə bilmədiyiniz bir prosesi idarəedə bilməzsiniz.
Hər nəsnəni yüksək səviyyədə edin, üzləşəcəyiniz çətinliklərdən şikayətlənməyin. Siz inkişaf etməlisiniz və təkrarlanmaya yol verməməlisiniz. Sahibkarlıq ruhunuzu qidalandırın. Təsəvvür edin ki ,o sizin ilk biznesinizdir. Əməkdaşlarıda unutmaq olmaz. Onlar şirkətin əsas aktividir, onlara hörmət edin!
Hər yeni gün bir başlanğıc və yeni dar çıxışdır.