“Blinken Azərbaycan Prezidentinə zəng etməklə köməkçisinin ölkəmizlə bağlı etdiyi səhvi düzəltməyə çalışdı. Hesab edirəm ki, ABŞ rəsmi Bakının müqavimətini gördü. Vaşinqton bir daha anladı ki, Azərbaycan ciddi dövlətdir, məsuliyyətli dövlətdir”.
Bu sözləri Azpost.info-ya Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngindən danışarkən deyib.
Millət vəkili bildirib ki, telefon danışığı zamanı Azərbaycan liderinin Bakının mövqeyini bir daha Blinkenin diqqətinə çatdırdı: “Qafqazın açar dövləti olan, Şərqlə Qərbi qovuşduran Azərbaycanla bütün qüvvələr hesablaşmalıdırlar. Nəzərə almaq lazımdır ki, Azərbaycan Cənubi Qafqazda ABŞ-ın əsas tərəfdaşıdır. 2001-ci ilin terror aktından sonra Azərbaycan bütün hava məkanını ABŞ üçün açdı, antiterror koalisiyanın ilk üzvlərindən oldu, Əfqanıstanda sülhməramlı missiyada Azərbaycan əsgəri iştirak etdi. Azərbaycan terrorizmlə mübarizədə Amerikanın bütün çağırışlarına həmişə müsbət cavab verib. Vaşinqton bu nüansları gözardı etməməlidir”.
“ABŞ da təbii ki, zaman-zaman Azərbaycana dəstək göstərib. Məsələn, neft strategiyasının reallaşmasında ABŞ-ın dəstəyini danmaq olmaz. Düzdür, bu məsələdə qarşılıqlı maraqlar mövcuddur, amma dövlət olaraq da Amerika dəstək göstərib. Lakin Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyinə, suverenliyini bərpa etdiyinə görə Azərbaycana təzyiqlər etmək absurddur. Bu, Azərbaycana qarşı ədalətsiz yanaşma anlamı verir”, – deputat vurğulayıb.
F.Ağamalı deyib ki, Ermənistana görə Azərbaycanla münasibətləri korlamağın yanlış olduğunu ABŞ-dakı ağıllı insanlar sonunda dərk etdilər: “Düşünürəm ki, münasibətlərin düzəlməsinin vacibliyini dərk edən amerikalı məmurlardan biri də məhz Blinkendir. Artıq Blinken səviyyəsində addım atıldı, Prezident İlham Əliyevə zəng edildi. Əslində Blinkenin bu telefon zənginin özü, Azərbaycan liderindən köməkçisi Ceyms Obraynın Azərbaycana səfər etməsi xahişini etməsi üzrxahlığın bir ifadə formasıdır”.
“Məncə, iki dövlət arasında yaranan gərginlik ortadan qalxdı. Bundan sonra ABŞ-Azərbaycan münasibətləri normal məcrasına qayıdacaq”, – deyə millət vəkili fikrini yekunlaşdırıb.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Konqresində Azərbaycan əleyhinə sənəd qəbul olundu. Eyni zamanda, ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayn Azərbaycan əleyhinə bəyanatlar səsləndirdi, ölkəmiz Qarabağda yaşayan ermənilərin “etnik təmizlənməsində” ittiham olundu. ABŞ-da verilən bu qərarlara rəsmi Bakıdan sərt cavab verildi, XİN bəyanat yaydı, Milli Məclis bəyanat qəbul etdi. Bununla Azərbaycanla ABŞ arasında diplomatik münasibətlər gərginləşdi.
Noyabrın 27-də isə Blinken Azərbaycan Prezidentinə zəng edib, gərginliklə bağlı məsələlər müzakirə olunub. Prezident Azərbaycan tərəfinin ABŞ-ın yanlış mövqeyi ilə bağlı iradlarını dövlət katibinin diqqətinə çatdırıb.
Anar ABDULLA
Azpost.info