Britaniyanın Baş naziri Liz Tras istefa verdi - Vəzifədə 45 gün qala bildi

Liz Tras Mühafizəkarlar Partiyasının lideri və Böyük Britaniyanın Baş naziri vəzifələrindən istefa verib.

Azpost.info xəbər verir ki, o, bu barədə rəsmi açıqlamasında bildirib.

“Kral III Çarlzla görüşüb ona Mühafizəkarlar Partiyasının rəhbəri vəzifəsindən istefa verdiyim barədə məlumat verdim”, – Tras deyib.

Onun sözlərinə görə, Mühafizəkarlar Partiyasının yeni lideri seçilənə qədər vəzifəsində qalacaq. Seçkilər gələn həftə keçiriləcək.

Tras istefa bəyanatını Mühafizəkarlar Partiyasının parlament fraksiyasını təmsil edən Qrem Breydi ilə görüşdən sonra verib. Britaniya mətbuatının yazdığına görə, görüş zamanı Qrem Breydi Trasa bildirib ki, o, artıq mühafizəkar deputatların əksəriyyətinin dəstəyinə arxalana bilməz.

Liz Tras Britaniya tarixində ən qısamüddətli Baş nazir olacaq. O, bu vəzifədə cəmi 45 gün qala bildi. Bundan əvvəlki antirekord 1827-ci ildə hakimiyyətinin 119-cu günündə vəfat edən Corc Kanninqə məxsusdur.

Azpost.info

 

Əvvəlki məqalə

“Dağıstanın iki ən məşhur adamı Putin və Həbibdir”

Sonrakı məqalə

Almaniya prezidenti Ukraynaya səfər edəcək