Böyük hədəflərə söykənən “Böyük Qayıdış”

Qarabağa Böyük Qayıdışın ilk addımı olan Zəngilanın Ağalı kənd sakinlərinin doğma torpaqlarına qayıdışını seyr etmək möhtəşəm hisslər yaradırdı.

Hər bir soydaşımız üçün qurur anları yaradan bu kadrlar Ali baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbəmizin sarsılmaz gücünü və qüdrətinin nümayişi idi.

«Ağıllı kənd» layihəsi ilə tikilən Ağalı kəndində sakinlərin yaşayışı üçün bütün imkanlar yaradılıb. Ağalıda inşa olunan 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə ediləcək. Kənddə DOST Agentliyinin “Şərqi Zəngəzur və Qarabağ” proqramı çərçivəsində “Smart DOST” xidmət məntəqəsi də fəaliyyətə başlayacaq. Ağalıda “DOST Aqropark” fəaliyyət göstərəcək.

Kənd sakinlərinin rahatlığı və təhlükəsizliyi üçün hər cür şərait yaradılıb. Ağalı kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalan əzəli torpaqlarda sülhün əbədi gerçəkləşdirilməsini təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi ucaldılıb. Qəsəbədə, eyni zamanda, “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” və DOST, həmçinin Kiçik və orta biznesin inkişafı mərkəzləri təsis olunub.

Beləliklə, sakinlərin dövlət xidmətlərinə rahat çıxışı gerçəkləşib, onların “ASAN” və ya “DOST” xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə ehtiyac qalmayıb.

Prezidentin 2022-ci il 21 iyul tarixli “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” fərmanı bu sahədə irəliyə doğru atılmış növbəti addımdır.

Böyük Qayıdışın ilk addımının reallaşması fonunda bu prosesin davamlı olacağına əminlik daha da artır.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək prosesinə verdiyi “Böyük Qayıdış” planına dağılmış şəhərlərin və binaların yenidən qurulması, ağıllı kəndlərin, eləcə də hava limanlarının tikintisi daxildir.

İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynovun açıqlamasına görə, Qarabağ iqtisadi rayonunda 2040-cı ilə qədərki üç mərhələdən ibarət olan bərpa planının ilk mərhələsinin 2026-cı ildə yekunlaşdırılması nəzərdə tutulub.

E.Hüseynov qeyd edib ki, birinci mərhələyə Ağdam, Füzuli şəhər mərkəzlərinin, Hadrut, Suqovuşan qəsəbələrinin və 32 kəndin bərpa prosesi daxildir.

30 ilə yaxın dövrdə bu ərazilər tamamilə yerlə-yeksan edilmişdi. Prezident İlham Əliyev bunun öhdəsindən qısa müddətdə gələcəyimizi bəyan edib. İndi işğaldan azad edilmiş torpaqlarımızda yeni həyatın başlanması yeni perspektivlərdən xəbər verir.

Azad olunmuş ərazilər “ağıllı şəhər”, “ağıllı kənd” layihələri çərçivəsində yenidən qurulur. “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunub. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin edilib.

Bərpa işlərində Azərbaycan öz imkanları ilə yanaşı dost ölkələrin şirkətlərinin bu prosesə cəlb edib.

İşğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Qarabağın tacı olan Şuşamızda qədimiliklə müasirliyin vəhdətinin qorunması hazırlanan planda öz əksini tapır. Bərpa işləri tamamlanıb Böyük Qayıdış həyata keçirildikdən, bu ərazilərdə yeni həyat başlandıqdan sonra bu yerlər xaricilərə qapı açacaq.  Bu ərazilərdə muzeylərin yaradılması nəzərdə tutulub və Memoral Komplekslərin təməli qoyulub. O cümlədən ermənilər tərəfindən dağıdılan, amma bərpa olunmayan ərazilərin bu barbar cinayətkarlığın subutu kimi saxlanılması təbliğat işində böyük töhfə olacaq.

Böyük Qayıdış prosesində ən vacib məsələlərdən biri əhalinin məşğulluğunun təmin olunmasıdır. Bu istiqamətdə dövlət bütün tədbirləri görüb. Ağalıya köçürülən ilk sakinlər arasında təqaüdçü, tələbə, evdar qadınlar olmaqla yanaşı, mühəndis, satıcı-kassir, gözətçi, bağban, aqronom, müəllim, həkim, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və s. xidmət, səhiyyə və təhsil sahələri üzrə ixtisaslaşmış kadrlar var. Sevindirici haldır ki, köçürülən ailələrə peşələrinə uyğun iş yerləri təklif olunub.

İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası və yenilənməsi prioritetdir. Zəfər yolu adlanan Füzuli-Şuşa yolu istifadəyə verilib. Nəqliyyat sahəsində atılan mühüm addım kimi Füzuli Beynəlxalq Hava Limanının 8 ayda tikilib istifadəyə verilməsini xüsusi qeyd olunmalıdır. Hazırda Zəngilan və Laçında beynəlxalq hava limanlarının inşası davam edir. Qarabağın dünyaya açılan hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışında  ölkə Prezidenti İlham Əliyev və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan  iştirak etdi.

İşğaldan azad edilmiş ərazilərimizə ilk səfər edən Türkiyə prezidenti Ərdoğan Şuşada Azərbaycan-Türkiyə  müttəfiqliyinin təsdiqi olan sənədin imzaladı. Füzuli Beynəlxalq Hava Limanının açılışında birgə iştirakdan sonra Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsi çərçivəsində ilk plot layihənin icrası ilə tanışlıq oldu.

Azərbaycanın qarşıda duran hədəfləri sırasında Böyük Qayıdış planı xüsusi əhəmiyyət daşıyır. Azad edilmiş  ərazilərdə kənd və şəhərlərimizin, mədəni irsimizin bərpa olunması strateji əhəmiyyətə malikdir.

Yol infrastrukturunun yaradılması,  avtomobil və dəmir yollarının çəkilməsi, yeni hava limanlarının tikilməsi, bütün şəhərlərin baş planlarının hazırlanması və digər addımlar görülən işlərin sistemli xarakter daşıdığını göstərir.

“Ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarının tərkib hissələrindən biri “yaşıl zona”nın yaradılmasıdır. Burada alternativ enerji mənbələrindən geniş istifadə olunması nəzərdə tutulur. Azad olunmasından sonra həmin ərazilərdə günəş, külək və su ehtiyatları vasitəsilə elektrik enerjisinin istehsalı üçün yeni imkanlar yaranıb. Azad edilmiş bütün torpaqlarda su, günəş, külək enerjilərindən istifadə edilməsi Azərbaycana yeni iqtisadi imkanlar qazandıracaq.

Azad olunmuş ərazilərin yaxın gələcəkdə ölkənin iqtisadi fəaliyyət dövriyyəsinə cəlb edilməsi, bir tərəfdən, yeni iş yerlərinin açılmasına və digər tərəfdən, ümumdaxili məhsulun həcminin kifayət qədər artmasına imkan verəcək. Qarabağın dilbər guşələri Kəlbəcər və Laçın turizm sənayesinin inkişafı üçün böyük potensiala malik bölgələrdir. Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhərində də aparılan geniş bərpa işlərindən sonra bu qədim şəhər öz gözəlliyi və əzəməti ilə dünyanın bütün ölkələrindən gələn turistləri yenidən heyran edəcək.

Azad edilmiş ərazilərdə aparılan böyük miqyaslı quruculuq işləri artıq yeni həyatın başlanmasına, Böyük Qayıdışın öz hədəflərinə doğru inamla addımladığına işarədir.

G.HÜSEYNOVA

 Yazı MEDİA-nın maliyyə dəstəyi ilə “işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” mövzusunda hazırlanıb.

Əvvəlki məqalə

Dnesteryanıya gedən rus sülhməramlıları Kişinyovda saxlanılıb

Sonrakı məqalə

Türkiyə vətəndaşlarına Azərbaycandan quru sərhədi ilə çıxmağa icazə verilib