“Böyük Qayıdış” proqramında su problemi aktual məsələlərdəndir- Sahib Ələkbərov

Ağdam Sənaye Parkında 104 milyon dəyəri olan 19 müəssisə rezident, 6 müəssisə qeyri- rezident kimi qeydiyyatdadır. Orada 1600-dən çox iş yeri yaradılacaq.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Cəbrayıldakı Araz Vadisi Sənaye Parkında 19,2 milyon dollar dəyərində 5 müəssisə rezident, 1 müəssisə qeyri-rezident kimi qeydiyyata alınıb: “Orada 400-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Sənaye və aqroparklar digər yüksək məhsuldarlıq olan müəssisələrdir”.

Nazir müavini bildirib ki, “Böyük Qayıdış” proqramında su problemi aktual məsələlərdəndir.

“İqlim dəyişikliyi su probleminin aktuallaşmasına gətirib çıxardıb. Lakin Böyük Qayıdış çərçivəsində bizim yeni imkanlarımız yaranıb. Öz ərazimizdə formalaşan su mənbələrimiz var. Qısa zamanda layihələr həyata keçirərək ölkəmizdə formalaşan su ehtiyatlarının toplanmasına nail ola bilərik. Su anbarlarının tikilməsi, su kanallarının çəkilməsi bahalı layihədir. Lakin buna dövlətimizin başçısı səviyyəsində dəstək olunur. Zabux çayı üzərində su anbarı tikilir və bir neçə aydan sonra istifadəyə veriləcək. Orada suötürücü qurğudan istifadə etməklə, su kəməri çəkilib, Zəngilan və Qubadlı ərazisində 12 min hektarın suvarılmasına nail olunub”, – deyə Sahil Ələkbərov fikrinə əlavə edib.

O bildirib ki, sudan qənaətlə və səmərəli istifadə ölkəmiz qarşısında duran vacib məsələdir.

“Reallıq budur ki, istehlakçıya su vermək üçün mənbədən 2 dəfə çox su götürməliyik. Su kanallarının çox hissəsi torpaq məcralıdır və su itkisi yaranır. Sahədə yanaşma müasir olmadığı üçün çox böyük həcmdə su itirilir.

Azad edilən ərazilərdə ənənəvi yolla suvarma qadağan olunmalıdır. Su o yerlərə veriləcək ki, orada müasir texnologiyaları tətbiq edə bilsinlər. Bu, dövlət-özəl tərəfdaşlığı çərçivəsində olmalıdır. Hər şeyi dövlətin üzərində qoymaq olmaz. Torpaqlar paylananda da bu, nəzərə alınacaq”, – nazir müavini bildirib.

Əvvəlki məqalə

“Rusiya bütün hərəkətlərinə görə mütləq cavab verəcək”

Sonrakı məqalə

Zelenski Norveçdə səfərdədir