Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) vətəndaşların su xidmətləri ilə bağlı məlumat və xidmətlərə çıxışını asanlaşdırmaq məqsədilə yeni QR Bələdçi rəqəmsal platformasını istifadəyə verib.
Azpost.info xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb.
Yeni platforma su xidmətləri ilə bağlı zəruri məlumatları və xidmətləri vahid sistemdə birləşdirir. Burada Agentliyin müvafiq qurumları tərəfindən göstərilən xidmətlər, müraciət qaydaları və vətəndaşlar üçün faydalı məlumatlar aydın və sistemli şəkildə təqdim olunur.
Platformanın əsas üstünlüklərindən biri xidmətlərin ərazi üzrə uyğunlaşdırılmasıdır. İstifadəçi QR kodu oxuduqdan sonra yaşadığı şəhər və ya rayonu seçir. Bundan sonra həmin əraziyə xidmət göstərən qurum müəyyən edilir və istifadəçi birbaşa müvafiq xidmətlərə yönləndirilir.
QR Bələdçi vətəndaşların su ilə bağlı müraciət və xidmətlərə daha rahat, sürətli və operativ çıxışını təmin etməyi nəzərdə tutur.
Platformanın analitik imkanları istifadəçi davranışlarını və ehtiyaclarını təhlil etməyə, əldə olunan məlumatlar əsasında sistemin davamlı şəkildə təkmilləşdirilməsinə şərait yaradır.
Gələcəkdə QR Bələdçinin funksiyalarının mərhələli şəkildə genişləndirilməsi və yeni rəqəmsal imkanların əlavə olunması da nəzərdə tutulur.
Yeni rəqəmsal həll su xidmətlərindən istifadəni sadələşdirmək, vətəndaşların zəruri məlumatlara çıxışını sürətləndirmək və müraciət prosesini daha çevik təşkil etmək məqsədi daşıyır.