Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
Avqustun 25-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə 14 vaqondan ibarət 976 ton buğda və 1 vaqondan ibarət 65 ton taxta göndərilib.
Beləliklə, Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana müxtəlif məhsulların daşınması davam edir.
Məlumata görə, indiyədək bu marşrutla Ermənistana 50 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta göndərilib.
Bununla yanaşı, Azərbaycandan Ermənistana da müxtəlif yanacaq məhsullarının ixracı həyata keçirilib.
İndiyədək Ermənistana Azərbaycandan 15 min tona yaxın dizel yanacağı, həmçinin 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin göndərilib.
Bu daşımalar Azərbaycan ərazisinin Rusiya-Ermənistan arasında tranzit marşrutu kimi istifadəsinin davam etdiyini göstərir.