“BP”-nin baş ofisinin şirkətin yenidən qurulması ilə bağlı qərarına şirkətin dünya miqyasında ümumilikdə 10 min iş yerinin bağlanması daxildir.
Azpost.info bildirir ki, bu sözləri BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli AZƏRTAC-a müsahibəsində deyib.
Onun sözlərinə görə, iyunun 8-də BP-nin baş ofisi səviyyəsində şirkətin yenidən qurulması üçün atılacaq addımlar elan olunub: “Şirkətin yenidən qurulması çox ciddi bir qərardır və bununla bağlı çox ciddi dəyişikliklərin olacağı hələ fevral ayında bildirilmişdi. Bunun üçün atılacaq addımlar çoxdur və bu addımlara digər tədbirlərlə yanaşı, BP-də dünya miqyasında ümumilikdə 10 min iş yerinin bağlanması daxildir. Bu da ümumi iş yerlərinin 14 faizidir, hazırda dünya üzrə BP-də təqribən 70 min işçi var”.
Şirkətin bu qərarının Azərbaycandakı ofisi təsiri barədə danışan vitse-prezident deyib ki, bu qərarın elan olunması hələ prosesin başlanğıcıdır: “BP-nin Azərbaycan ofisində bu qərarla bağlı məsələlərə hələ baxılmalı və müzakirə olunmalıdır. İş yerlərinin azaldılması əsasən mərkəzdən başlayır. Digər biznes ərazilərimizə və regionlara olacaq təsir dəqiqliklə işlənəcək və aydınlaşdırılacaq. Hazırda bir şey məlumdur ki, Azərbaycanda olacaq dəyişiklik haqda razılaşdırılmış, xüsusilə də hökumətlə razılaşdırılmış bir qərar olması yönümündə işləyəcəyik və daha dəqiq məlumat olanda onu açıqlayacağıq”.
Onun sözlərinə görə, hazırkı çətin iqtisadi mühitin təsirlərinə baxmayaraq, BP Azərbaycanda əməliyyatçısı olduğu layihələr üzrə bütün işlərini davam etdirir və bundan sonra da davam etdirəcək: “Azərbaycanla bağlı çox ciddi öhdəliklərimiz və planlarımız var, hələ bir neçə onilliklər ərzində bu ölkəyə sərmayə qoymaq və biznesimizi genişləndirmək niyyətindəyik. Ən azı növbəti 30 il ərzində biz Azərbaycanla birlikdə olacaq və bu ölkənin, onun hökumətinin və regionun aşağı karbonlu enerji gələcəyinə və belə bir gələcək qurmaq səylərinə dəstək verəcəyik”.