“Bravo”da inkassatora silahlı hücum edən cinayətkarlar necə yaxalanıb?
Cinayətkarların “məlumatsız və nəzərə almadıqları” məqamlar, DİN-in isə imkanları və üstünlüyü nədə olub?
Cinayət baş verən gün, bir neçə saat ərzində DİN tərəfindən cinayətkarların birinin zərərsizləşdirilməsi və digərinin yaxalanması peşəkar və uğurlu bir əməliyyat kimi dəyərləndirilə bilər.
Görəsən qısa bir zaman kəsiyində bu cür uğurlu əməliyyat necə reallaşdırıla bilərdi ?
DİN əməliyyatın detallarını açıqlamayıb.
Amma ötən günlər DİN-nin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev əməliyyatla bağlı bəzi məqamlara toxunub, cinayətkarlaın öncədən hazırlıq gördüklərini, hətta müşahidə kameralarının yerlərini nəzərə aldıqlarını açıqlayıb.
DİN rəsmisi eyni zamanda, “onların nəzərə almadıqları bir çox məqamların olduğunu və məlumatsız olduqlarını” vurğulayıb.
Görəsən cinayətkarların “məlumatsız və nəzərə almadıqları” məqamlar , DİN-nin imkanları və üstünlüyü nədə olub?
Düşünürəm ki, bu yenə də texnologiya və data, həmçinin də bunların hər ikisindən istifadə edənlərin peşəkarlığı ilə bağlı ola bilərdi.
DİN rəsmisi açıqlamasında “cinayətkarların şəxsiyyətinin müəyyən edildiyi və ola biləcəkləri mümkün ərazilər” haqqında da danışıb.
Fikrimcə, DİN-nin uğurlu əməliyyatı məhz bu məqamdan, yəni cinayətkarın identifikasiyasından başlayıb.
Bəs bu necə müəyyən olunub ?
Gizli deyil ki, bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, DİN-nin əlində nəhəng ” Təhlükəsiz Şəhər” informasiya sistemi, onun da onlarla alt sistemləri var.
Yəni, kütlə içərisindən yalnız axtarılan şəxsi seçməyə və izləməyə imkan verən sistem, Bakı şəhəri üzrə elektron müşahidə sistemi, avtomibili, hətta saxta nömrə ilə avtomobili və sahibini identifikasiya etməyə və izləməyə imkan verən sistem, Biometrik identifikasiya sistemi, Videoanalitika sistemi və s. bu tip resurslardan uzun müddətdir ki, DİN istifadə edir.
DİN cinayətdən öncə baş verənləri, məhz həmin ərazidəki şübhəli məqamları , ümumiyyətlə ərazi ilə bağlı əvvəllər toplanmış bütün datanı incələmək imkanına malikdir.
Həmçinin DİN -in bu resurslar vasitəsilə imkanı var ki, artıq şəxsiyyəti müəyyən edilənin hətta hansı gün, hansı metro və digər kütləvi yerdə olduğunu müəyyən edə bilsin.
Ölkəmizdə 2008-ci ildən başlayaraq “Təhlükəsiz Şəhər” və onun alt sistemlərinin qurulmasına , ayrıca Mərkəzin qurulmasına milyonlarla vəsait yatırılıb.
Xatırladıram ki, Prezidentin “Təhlükəsiz Şəhər”lə bağlı fərmanı, videonəzarət sisteminin qurulması ilə bağlı NK-nın 2010-ci ildə qəbul edilən xüsusi qərarı var.
Yəni, müşahidələr göstərir ki, DİN-in, bütövlükdə polis sisteminin rəqəmsal transformasiyası istiqamətində son illərdə xeyli işlər görülüb.
Müşahidələr göstərir ki, adı çəkilən qərarın icrası istiqamətində problemlər də var, amma bu başqa bir müzakirənin mövzusudur.
Beləliklə, düşünmək olar ki, mövcud data və texnoloji imkanlarlarla cinayətkarlar identifikasiya olunandan sonra, güman ki, DİN onların hərəkət trayektoriyası və mümkün kordinatlarını da texnologiyaların köməyi ilə müəyyən edə bilib.
Sonradan baş verənlər göstərir ki, cinayətkarların “mümkün kordinatlar”ı həm də Torqovi ərazisində olub.
Geridə qalanlar isə artıq cinayətkarı izləmək, saxlamaq və zərərsizləşdirmək ola bilərdi ki, DİN də bunları peşəkarlıqla yerinə yetirib.
Beləliklə, düşünürəm ki, izləmə əməliyyatını quran və silahlı cinayətkarı yaxalayan polislərin peşəkarlığı ilə yanaşı, rəqəmsal təhlükəsizlik sistemlərini və texniki resursları, operativ data emalı və identifikasiya sistemlərini, effektiv və düzgün qərarların qəbuluna kömək olan “Təhlükəsiz Şəhər” sistemini özündə cəmləşdirən DİN-in texnoloji infrastrukturunun da rolu xüsusi qeyd olunmalıdır.
Osman Gündüz
Azərbaycan İnternet Forumunun prezidenti