Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov Parlamentin İcmalar Palatasının spikeri Ser Lindsi Hoyl ilə görüş keçirib.
Britaniya bürosunun verdiyi xəbərə görə, görüş zamanı Azərbaycan və Birləşmiş Krallıq arasında çoxşaxəli əməkdaşlıq münasibətlərinin hazırki vəziyyəti, parlamentlərarası təmasların intensivləşdirilməsi imkanları və geosiyasi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Spiker ölkəmizin Birləşmiş Krallıqla tərəfdaşlıq münasibətlərini, Azərbaycanla xüsusilə enerji sahəsində təsis edilmiş uğurlu əməkdaşlığı və Azərbaycanda mövcud olan çoxəsrlik tolerantlıq ənənələrini yüksək qiymətləndirib.
Səfir və Spiker arasında görüşlə əlaqədar İcmalar Palatasının inzibati binasının qarşısında protokol ənənələrinə uyğun olaraq Azərbaycan Respublikasının dövlət bayrağı dalğalandırılıb.
Elin Süleymanov İcmalar Palatasının xatirə dəftərini imzalayıb.