Britaniya Lordlar Palatasının üzvləri Qarabağla bağlı məktub yazdılar:

"İkinci erməni dövləti yaradıla bilməz"
16 Noyabr 2020 - 10:37

Noyabrın 5-də “The Times” qəzeti Britaniya parlamentinin Lordlar Palatasının bir qrup üzvünün Cənubi Qafqaz tarixində baş verən hadisələrin kontekstini təhrif etməyə və bununla ərazi bütövlüyü prinsipinin üstünlüyünə xələl gətirməyə cəhd edən məktubunu dərc edib.

Həmin məktuba cavab olaraq Lordlar Palatasının regionun tarixini daha dərindən bilən başqa bir qrup üzvü “The Times” qəzetinə regionun gələcəyinin xalqların öz müqəddəratını təyin etməsi prinsipi ilə müəyyən edilməsinin, sadəcə, mümkünsüz olduğunu izah edən məktub göndərib. Təəssüf ki, qəzet tərəfindən dərc olunmayan məktubda aşağıdakılar qeyd olunur:

“Biz Lordlar Palatasından olan bir qrup həmkarımızın 5 noyabr tarixində dərc olunmuş məktubu ilə razı deyilik. Unutmamalıyıq ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi (822, 853, 874, 884) Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Bu qətnamələrdə erməni qoşunlarının Qarabağdan çıxarılması tələb olunurdu və bu tələb hələ də yerinə yetirilməyib.

Xalqların öz müqəddəratını təyinetmə hüququ Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə münasibətdə birtərəfli sesessiya formasında tətbiq edilə bilməz. Bölgədəki ermənilər 1992-ci ildə müstəqillik tələb edən zaman artıq 1991-ci ildə qurulmuş Ermənistan Respublikası mövcud idi. Buna görə də Ermənistan öz müqəddəratını təyinetmə hüququndan artıq istifadə edib və beləliklə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində ikinci erməni dövləti yarada bilməz.

Unutmamalıyıq ki, Qarabağda yaşayan ermənilərin birtərfli şəkildə müstəqillik elan etməsindən sonra yüz minlərlə azərbaycanlı ərazidən qaçmalı olub və bugünədək məcburi köçkün kimi yaşayır.

Ən əsası, beynəlxalq sənədlər (məsələn, 1945-ci il BMT Nizamnaməsinin 1-ci fəsli və 1975-ci il Helsinki Yekun Aktı) təsdiqləyir ki, öz müqəddəratını təyin etmək iddiaları beynəlxalq hüququn dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı güc tətbiqindən istifadənin qadağan edilməsi kimi təməl prinsiplərininin – Jus Cogenlərin – kobud şəkildə pozulması ilə müşahidə olunduqda təmin edilə bilməz.

Hesab edirik ki, regionda sülhün bərqərar olması və əziyyətlərə son qoyulmasına təcili ehtiyac var, lakin buna öz müqəddəratını təyinetmə prinsipi ilə nail olmaq mümkün deyil”.

Məktubu Lord Şeyx, Lord Brus, Lord Evans, Baronessa Uddin və Baronessa Hüseyin-Ece imzalayıblar.