Britaniyanın Mühafizəkarlar Partiyasının lideri seçkilərinin ikinci turunun sonunda liderliyi 101 səs toplayan ölkənin keçmiş maliyyə naziri Rişi Sunak saxlayıb.
Azpost.info xəbər verir ki, ilk üçlüyə həmçinin ticarət siyasəti üzrə dövlət naziri Penni Mordont (83 səs) və hazırkı xarici işlər naziri Liz Tras (64 səs) daxil olub. Ən az (27) səs toplayan Suella Braverman yarışı tərk edib. Nəticədə 5 namizəd səsvermənin üçüncü turuna yüksəlib.
Qaydalara əsasən, Mühafizəkarlar Partiyası fraksiyasının üzvləri siyahıda iki namizəd qalana qədər səsvermə keçirəcək. Bu, iyulun 21-dən gec olmayaraq edilməlidir. Bundan sonra partiyanın qeydiyyatdan keçmiş bütün üzvlərinin iştirak edəcəyi lider seçkisinin ikinci mərhələsi başlayacaq. Seçkinin nəticələri sentyabrın 5-də açıqlanacaq.
Ekspertlərin fikrincə, liderliyi qorumasına baxmayaraq, Sunakın Mühafizəkarların lideri və ölkənin Baş naziri postunu tutan ilk etnik hindistanlı olmaq şansı hələ də artmayıb. Seçkidən çıxan namizədlərin tərəfdarlarından heç biri Sunakın müdafiəsi üçün çıxış etməyib.
Öz növbəsində Penni Mordont (ikinci turda birincidən 16 çox səs toplayıb) və Liz Tras (dünənlə müqayisədə 14 səs çox olub) mövqelərini möhkəmləndirirlər.
Seçkilərin növbəti turu iyulun 18-də keçiriləcək.
Azpost.info