Ekzotik liçi meyvəsinin tərkibindəki Hipoqlisin A maddəsi qanda qlükoza səviyyəsini aşağı sala və öldürücü təsir yarada bilər.
Azpost.info xəbər verir ki, mütəxəssislər yetişməmiş liçinin istehlakının xüsusilə təhlükəli olduğunu qeyd edirlər. Çünki bu halda onların tərkibində sözügedən maddə daha çox olur.
“Liçidə hipoqlikemiyaya səbəb olan bir maddə – Hipoqlikin A var. Yəni liçi qanda qlükoza səviyyəsini qaraciyərin, mədəaltı vəzinin fəaliyyəti sayəsində deyil, məhz bu maddə hesabına azaldır. Yetişməmiş liçidə bu maddə çox olduğu üçün öldürücü ola bilər”, – qida mütəxəssisləri xəbərdarlıq edir.
Çinlilər liçinin həddindən artıq istehlakının qızdırma və burun qanamasına səbəb ola biləcəyinə inanırlar.
Lakin o da bildirilir ki, az miqdarda liçi bədən üçün çox faydalıdır: Belə ki, 100 qram liçidə demək olar ki, tam gündəlik dozada C vitamini, B vitamini, maqnezium, kalsium, lif və zülal var. Liçinin öskürəyi yüngülləşdirdiyi də deyilir.
Bu meyvəni seçərkən rənginə diqqət yetirmək lazımdır. Yetişmiş liçinin tünd cəhrayı, narıncı və ya parlaq tünd qırmızı qabığı var və meyvəyə basdıqda çiçək ətirli bir şirə çıxır.
O da danılmazdır ki, bu ekzotik meyvəyə dünyada böyük tələbat var. Liçi dünyanın bütün guşələrinə müxtəlif formalarda (təzə, quru, dondurulmuş, konservləşdirilmiş, şirə, şərab) tədarük olunan məhsulların reytinqində lider mövqe tutanlar sırasındadır.
Liçi əsasən Şimali Taylandda yetişdirilir. Pakistan, Banqladeş, Birma, Tayvan, Yaponiya, Filippin, Madaqaskar, Braziliya və Cənubi Afrikada da böyük liçi plantasiyalarına rast gəlinir.
Təzə meyvələrini otaq temperaturunda (25-30 ° C) 2-3 gün müddətinə saxlamaq olar.
Azpost.info