“Bu, fəlakətli dərəcədə azalmadır” –Kür çayı ilə bağlı rəsmi və ekspert ŞƏRHLƏRİ

Son iki ayda Kür çayında suyun səviyyəsinin kəskin azalması baş verir, çayətrafı rayonlarda içməli su problemi yaranıb.

Gürcüstan Xervitsi hidromüşahidə məntəqəsi bildirir ki, iyulun 9-na Kür çayında suyun səviyyəsi 122 santimetr təşkil edir, ötən 24 saat ərzində çayda suyun səviyyəsi 17 santimetr azalıb.

İki əsas səbəb: iqlim dəyişiklikləri, insan amili

AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov hesab edir ki, Kür çayında bu vəziyyətin yaranmasının səbəbi iqlim dəyişmələridir, quraq və yarımquraq ərazilərdə yağıntının miqdarı azalır, buxarlanma isə çoxalır: “Azərbaycan ərazisinin də 60%-i quraq və yarımquraq ərazidir və proqnozlar özünü Azərbaycan ərazisində doğrultdu. Artıq Abşeron istisna olmaqla, ölkənin bütün müşahidə məntəqələrində yağıntının miqdarı azalıb, su buxarlanması üzrə balans mənfiləşib. Çayları qidalandıran buzlaqlar əriməyə başlayıb, buzlaqların sahəsi iki dəfədən çox azalıb”.

Akademikə görə, daha bir səbəb insan amilidir. R.Məmmədovun sözlərinə görə, Neftçalanın Bankə qəsəbəsindən Kürün mənsəbinə kimi 40-50 kilometr məsafədə hər 50-100 metrdən bir pompa qoyulub, həyətlərə su vurulur. Eyni zamanda, o, çayın sağ və sol sahillərində təmiz su tələb edən balıq təsərrüfatları yaradıldığını vurğulayır.

Coğrafiya İnstitutunun direktoru bunu da qeyd edir ki, əkin sahələri artıb, kənd təsərrüfatı, əsasən, ekstensiv şəkildə inkişaf edir deyə, yeni suvarılan sahələr çoxalıb: “Suvarma isə köhnə üsullarla gedir, bu da həm su israfı, həm də torpağın şoranlaşması deməkdir”.

Kürə bənd vurularsa?..

Son günlər Kür çayında suyun səviyyəsinin artması üçün bənd vurulması ilə bağlı təkliflər səslənməkdədir. R.Məmmədov bunu mümkün saysa da, deyir ki, çay su ilə dolduqda necə tənzimlənəcəyi açıq qalır.

Direktorun sözlərinə görə, normalda Kür çayının illik axını 15-17 kubkilometrdir, indi ki halda isə bu rəqəm 6-7 kubkilometrə qədər azalıb: “Bu, fəlakətli də azalmadır”.

Hökumət nə etməlidir

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Mərrəmov deyir ki, Azərbaycanın su resursu 32 milyard kubmetrdir, bunun 70 faizi qonşu ölkələrdən gələn Kür və Araz çaylarının hesabına, 30 faizi isə ölkə daxilində formalaşır.

O, quraqlıq təhlükəsiylə qarşılaşacaq ölkələr arasında Azərbaycanın adının 33 ölkədən ibarət siyahıda 18-ci yerdə olduğunu vurğulayır.

“Problem burasındadır ki, ölkədə tələbatdan 7-8 dəfə çox su resursu olduğu halda, içməli suya və suvarma suyuna olan ehtiyac ödənilmir. İsraf çoxdur”, – mütəxəssis qeyd edir.

O hesab edir ki, hökumət problemlərin həlli istiqamətində, yəni, su təsərrüfatı sisteminin yaxşılaşdırılması, bir mərkəzdən koordinasiya olunmasını təmin etmək üçün addımlar atmalıdır.

Ramiz Məmmədovsa hökumətin ölkədə su istehlakının uçotu layihəsi üzərində işlədiyini, həmin layihədə ayrı-ayrı bölgələr, təsərrüfatlar üzrə nə qədər su lazım olması müəyyənləşdirildiyini bildirir. Alimin qənaətincə, bu, həyata keçirilsə, suya qənaət edilə bilər.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıloğlu bildirib ki, hazırda Neftçala rayonunda yaranan problemi həll etmək üçün Salyan rayonundan 44 kilometr olmaqla Neftçalaya yeni su xətti çəkilir. O, eyni zamanda, burada su anbarı tikilməsinin nəzərdə tutulduğunu və bütün bu işlərin il ərzində tamamlanmalı olduğunu deyir. (Azadlıq Radiosu)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Boliviyanın müvəqqəti prezidenti koronavirusa yoluxub

Sonrakı məqalə

Koronavirusla mübarizə üçün Rusiyadan ölkəmizə həkimlər göndəriləcək –