Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək.
Yarışın sonuncu günündə əvvəlcə Formula 2 pilotları mübarizə aparacaq, sonra isə əsas mərhələ keçiriləcək. Saat 15:00-da Formula 1-də əsas yarış start götürəcək və yekunda qalib müəyyənləşəcək.
Formula 1-də sıralanma mərhələsinin yekunlarına əsasən, “Ferrari”nin pilotu Şarl Lekler birinci olub. “Red Bull Racing” komandasının pilotları Maks Ferstappen və Serxio Peres ilk üçlüyü tamamlayıblar. Bu turun nəticələrinə əsasən, əsas yarışda pilotların düzülüşü müəyyənləşib.
Formula 2 üzrə birinci sprint yürüşündə isə “Preme Racing”in pilotu Oliver Berman birinci olub. O.Bermanın komanda yoldaşı Frederik Vesti yürüşü ikinci, “Hitech”in pilotu Jak Krouford isə üçüncü pillədə başa vurublar.
Formula 1-də üç mərhələdən və Bakıda təşkil olunan cari mövsümün ilk sprint yarışından sonra pilotların siyahısına “Red Bull Racing” komandasının niderlandlı sürücüsü Maks Ferstappen başçılıq edir. Onun aktivində 75 xal var. Ferstappendən 13 xal geri qalan “Red Bull Racing”in digər pilotu Serxio Peres ikinci sırada qərarlaşıb. İlk beşliyi 48 xalla Fernando Alonso (Aston Matin”), 40 xalla Luis Hamilton (“Mercedes”) və 24 xalla Karlos Saynz (“Ferrari”) qapayırlar.
Konstruktorlar kubokunun lideri isə “Red Bull Racing” (137 xal) komandasıdır. “Aston Martin” 69 xalla ikinci, “Mercedes” isə 63 xalla üçüncü pillədə yer alıb. Sonrakı yerlərdə “Ferrari” (37), “McLaren” (12), “Alpine” (8), “Haas” (7), “Alfa Romeo” (6), “Alpha Tauri” (1) və “Uilliyams” (1) komandaları qərarlaşıblar.
Qeyd edək ki, Azərbaycan Formula 1 yarışlarına yeddinci dəfədir ev sahibliyi edir. Avropa Qran-Prisi adlandırılan ilk yarış 2016-cı ildə təşkil olunub. Bu yarışda “Mercedes” komandasının pilotu Niko Rosberq birinci olub. Növbəti ildən Azərbaycan Qran-Prisi adını alan yarışlarda Daniel Rikkardo (“Red Bull Racing” – 2017), Luis Hamilton (“Mercedes”-2018), Valtteri Bottas (“Mercedes” – 2019), Serxio Peres (“Red Bull Racing” – 2021), Maks Ferastappen (Red Bull Racing” – 2022) qalib gəliblər. 2020-ci ildə Formula 1 Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.